Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi Kəlbəcərdə 32 ildən sonra açılan ilk təhsil müəssisəsidir. İlkin mərhələdə 27 müəllim və 63 şagirdlə təhsilin təməlini qoyduq. Hazırda məktəb müvəqqəti olaraq mobil tipli binada fəaliyyət göstərir. 2026-cı ildə isə böyük təhsil kompleksinin istifadəyə verilməsi planlaşdırılır. Həmin kompleksdə orta məktəb, uşaq bağçası, peşə məktəbi və yataqxana fəaliyyət göstərəcək.
“Tehsil365” xəbər verir ki, bunu AZƏRTAC-a Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vəsilə Cəfərova deyib.
Direktor bildirib ki, məktəbdə artıq bir sıra tədbirlər keçirilib: “27 Sentyabr – Anım Günü, Zəfər bayramı və digər əlamətdar günlər qeyd olunur, şəhidlərimizin xatirəsi ehtiramla yad edilir”.
Vəsilə Cəfərova özünün də Kəlbəcər şəhər sakini olduğunu qeyd edib: “Kəlbəcər şəhəri 2 nömrəli tam orta məktəbi 1992-ci ildə bitirmişəm. Həmin il Şuşa və Laçının işğalı səbəbindən son zəng mərasimimiz keçirilmədi. 2025-ci ildə isə doğma şəhərdə açılan ilk məktəbə direktor kimi qayıtmışam. Bu, mənim üçün böyük qürurdur”.

