Noyabrın 25-də Kəlbəcər Şəhər Günündə Gəncə Dövlət Milli Dram Teatrı şəhərin mərkəzi meydanında qurulan səhnədə Abdulla Şaiqin “Tıq-Tıq xanım” musiqili nağıl-tamaşası ilə çıxış edib.
"Tehsil365” xəbər verir ki, Abdulla Şaiqin “Tıq-Tıq xanım” nağılının motivləri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Vahab Cəfərov, rejissor assistenti Dursun Cəlilova, musiqi tərtibatçısı Ziyad Abbasovdur.
Teatrın baş rejissoru Elşad Əhmədov bildirib ki, bu, teatrın işğaldan azad olunmuş ərazilərdə ilk çıxışıdır: “Bu gün bizim üçün çox qürurvericidir. Yəqin ki, bundan sonra işğaldan azad olunmuş əzəli və əbədi yurd yerlərimizdə çıxışlarımız davam edəcək. Teatrımız bu səfərə ciddi hazırlaşıb və inanıram ki, çıxışımız kəlbəcərlilərin yaddaşında uzun illər qalacaq”.
O əlavə edib ki, görkəmli maarifpərvər Abdulla Şaiq Azərbaycan ədəbiyyatında uşaqlar üçün yazdığı rəngarəng əsərlərin müəllifi kimi tanınır. Onun ilk əsərlərindən biri - uşaqların estetik tərbiyəsində mühüm rol oynayan və Azərbaycan teatrları gündəliyinə daxil edilən, tamaşaçılar tərəfindən sevilən “Tıq-Tıq xanım” əsəridir.
“Elə buna görə də bu əsər Azərbaycan teatr səhnəsində uzun illərdir oynanılır və hər rejissor onu öz yozumunda səhnəyə gətirir”, – deyə E.Əhmədov vurğulayıb.
Qeyd edək ki, Gəncə Dövlət Milli Dram Teatrında yeni yozumda, quruluşda hazırlanmış "Tıq-Tıq xanım" əsəri öz səhnə təcəssümü, rejissor tapıntısı, aktyor oyunu nöqteyi-nəzərdən daha baxımlı, zövq oxşayan, mənası asan qavranılan tərzdə hazırlanıb. Bu cəhətlər bütövlükdə həm rejissor işindən, həm də aktyorların səviyyəli obrazlar yaratmalarından irəli gəlir. Demək olar ki, pyesi səhnələşdirən rejissorun əsər üzərində apardığı məqsədyönlü yaradıcılıq axtarışları, tapıntıları "Tıq-Tıq xanım" tamaşasının yeni quruluşda daha baxımlı edir.
Tamaşanın üstünlüyünün əsas cəhətlərindən biri də odur ki, hər bir aktyor yaratmış olduğu obrazın mahiyyətini, məqsədini tamaşaçıya çatdıra bilir. Tamaşanı seyr edərkən məlum olur ki, onun uğurlu alınması üçün pyesin ətraflı təhlili rejissor tərəfindən sənətkarlıqla aparılıb və rollar aktyorlar arasında düzgün bölünüb.
Rejissor uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-Tıqın üzləşdiyi hadisələr fonunda təqdim edir.
Tamaşa dostluqdan, xeyirxahlıqdan bəhs etməklə yanaşı, həm də düzgünlüyü tərənnüm edir. Tamaşada uşaqların marağına səbəb olan şən mahnılar və maraqlı rəqslər də var.
Səhnə əsərində rolları teatrın aktyorları Elmir Məmmədov, Elnur Abbasov, Mətləb Təhmazi, Elmil Salmanov, Fərid Vəliyev, Zeynəb Abdullayeva və başqaları canlandırıblar.
Xatırladaq ki, bu gün münasibətilə Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Kəlbəcərdə silsilə tədbirlər keçirilir.

