“İRS – Naslediye” jurnalının növbəti nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsi baş redaktor Musa Mərcanlının “Daşlar toplanacaqmı?” adlı yazısı ilə başlanır. Müəllif qeyd edir ki, Azərbaycanın və Cənubi Qafqazın tarixində son üç onillik Qarabağ kimi tanınan münaqişə ilə yadda qalıb və bu münaqişə faktiki olaraq Ermənistanın qondarma “miatsum” adı altında hərbi təcavüz olub.
"Tehsil365” xəbər verir ki, məqalədə Azərbaycanın ərazi bütövlüyünün bərpasının başa çatması və builki hadisələrin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanmasına ümid etmək üçün real əsaslar yaratdığı vurğulanıb. Müəllifin fikrincə, “daşları toplamaq vaxtıdır” - iki tərəfin illər ərzində bir-birinə atdığı düşmənçilik daşlarını toplamağın və iki xalq arasında normal münasibətlərə qayıtmağın vaxtı gəlib çatıb.
Məqalədə regionda gərginliyin formalaşmasının tarixi konteksti nəzərdən keçirilir. M.Mərcanlı qeyd edir ki, 200 il əvvəl İrəvan xanlığının ərazisi də daxil olmaqla Cənubi Qafqaz əhalisinin böyük əksəriyyətini müsəlman azərbaycanlılar təşkil edirdi. Lakin sonradan qonşu ölkələrdən olan ermənilərin kütləvi şəkildə, çox vaxt yerli əhalidən müsadirə edilən torpaqlarda məskunlaşdırılması gələcək millətlərarası münaqişələrin əsasını qoydu.
Nəşrin bu nömrəsində, həmçinin jurnalın Azərbaycan tarixinin, mədəniyyətinin və mənəvi irsinin müxtəlif aspektlərinə həsr olunmuş ənənəvi bölmələri təqdim olunub.

