Hər bir xalqın dili onun varlığının, mövcudluğunun əsas formasıdır. Dil yoxdursa xalq da yoxdur. Mübaliğəsiz demək olar ki, Azərbaycan dili ulu babalarımızdan bizə miras qalmış ən böyük və ən qiymətli sərvətlərdən biridir. Dil torpaq qədər müqəddəsdir.
“Tehsil365” bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında yazıçı-filosof, Əməkdar incəsənət xadimi Firuz Mustafa deyib.
Onun sözlərinə görə, Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yer tutur və bu dildə on milyonlarla insan danışır: “Ölkələrin sərhədlərini təkcə sərhəd dirəkləri və xəritələrdəki ərazilər müəyyən etmir. Bu mənada Azərbaycan dilinin malik olduğu ərazi bizim fiziki ərazimizdən dəfələrlə genişdir. Bu ərazinin diapazonunu təsəvvürə gətirmək üçün təkcə Hələbdə yaşayan Nəsimi, Kərbəlada ömür sürən Fizuli ilə bağlı ədəbi-poetik “xəritəni” xatırlamaq kifayətdir”, - deyə o bildirib.
Yazıçı vurğulayıb ki, dilin saflığı suyun, havanın, ana südünün saflığı qədər gərəklidir.
Firuz Mustafa bildirib ki, dilimizin saflığı mövzusunda çoxsaylı məqalələr yazıb, bir neçə kitabı nəşr olunub: “Məsələn, rus dilində nəşr olunmuş “100 türk etnosu”, eləcə də rus dilindəki türkizmlərlə bağlı araşdırmalarım və bu istiqamətdə gördüyüm işlərdəndir. Vaxtilə yazmışdım ki, dilin saflığını qorumaq üçün “dil polisi” yaratmağa ehtiyac yoxdur, əsas məsələ dili sevən vətəndaşlar yetişdirməkdir”.
O əlavə edib ki, uzun illərdir bədii yaradıcılıqla məşğul olsa da, əsas elmi fəaliyyət sahəsi daha çox fəlsəfi tədqiqatlarla bağlıdır: “Fəlsəfənin əsası, yəni, termin və anlayışların böyük bir qismi latın, yunan və ərəb dillərindən götürülüb. Bu, təkcə bizə aid məsələ deyil, bütün dünyada belədir. Fəlsəfənin dili digər bir çox elm sahələrindən fərqli olaraq daha geniş semantik arealı əhatə edir. Təəssüf ki, bəzən təkcə həvəskarlar deyil, elə “peşəkarlar” da fəlsəfi dilin mahiyyətini dərk etmir, mövcud kanonlara riayət etmirlər”.
Yazıçı misal gətirərək bildirib ki, fəlsəfiyönümlü yazılarda çox vaxt sadə terminoloji leksemlər qarışdırılması ilə rastlaşmaq mümkündür: “Məsələn “şüur”, “ağıl”, “təfəkkür”, “zəka”, “idrak” kimi terminlərin fərqi ya düzgün anlaşılmır, ya da onları qarışdırırlar. Hətta bəziləri elə bilir ki, bu sözlər eyni məna daşıyır. Halbuki bunlar fərqli fəlsəfi terminlərdir”.
Firuz Mustafa bildirib ki, Azərbaycan Respublikasında dövlət dili haqqında mövcud Qanunun tələblərinə ciddi riayət olunmalı, mətbuatda, xüsusilə radio və televiziya efirində dilimizin təmizliyi, saflığı daim diqqət mərkəzində saxlanılmalıdır.

