Astana İncəsənət Muzeyində Türk Mədəniyyəti və İrsi Fondunun sərgisinin açılışı olub. Həmçinin türk ölkələrindən görkəmli sənətkarların iştirakı ilə praktik dərslər keçirilib və ziyarətçilər ənənəvi musiqi alətlərinin hazırlanması texnologiyalarını əyani müşahidə ediblər.
"Tehsil365” xəbər verir ki, tədbir çərçivəsində aparıcı sənətkarlar tərəfindən yaradılan türk nadir musiqi alətləri muzeyin kolleksiyasına bağışlanıb. Onlardan hər biri xalq musiqisinin özünəməxsus səslənməsini, sənətkarlığın xüsusiyyətlərini və türk xalqlarının çoxəsrlik ənənələrini əks etdirən dəyərli artefaktdır.
Muzeydə, həmçinin milli alətlərdə ustad dərsləri və çıxışlar təşkil edilib.
İncəsənət Muzeyinin direktoru Bayandı Saxariyaulı qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondunun sərgisinin açılışı xüsusi əhəmiyyət kəsb edir. Türk mədəniyyəti və xalqların mənəvi dəyərləri ortaq köklərə malikdir ki, bu xüsusiyyət belə təşəbbüsləri vacib və rəmzi xarakterli edir.
“Xalqlarımızın ortaq cəhətləri çoxdur. Türk ölkələrinin musiqi alətləri oxşardır və biz birləşəndə bir-birimizi daha yaxşı başa düşməyə başlayırıq. Bu sərginin açılışı böyük bir hadisədir və bu, bizi çox sevindirir”, - deyə o vurğulayıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova sərginin Türk dünyasının musiqi alətlərinə həsr olunduğunu qeyd edib. “Bu gün mərasimdə etnik alətlərin hazırlanmasının unikal texnologiyaları ilə tanınan məşhur sənətkarlar iştirak etdilər”, - deyə o bildirib.
Aktotı Raimkulova, həmçinin vurğulayıb ki, Azərbaycan sənətkarı muzey üçün unikal bir alət hazırlayıb və o, ictimaiyyətə tezliklə təqdim olunacaq.
“Muzey türk xalqlarını tarix, mədəniyyət və dil vasitəsilə birləşdirən layihələrin reallaşdırıldığı unikal bir platformadır. Bu, qarşılıqlı anlaşmanı və birliyi gücləndirən mədəni diplomatiyanın bariz nümunəsidir”, - deyə o əlavə edib.

