Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə milli teatr və kino sənətimizə böyük töhfələr vermiş Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” bildirir ki, bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açıb.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, teatr və kino aktyoru, Xalq artisti Rafiq Əzimov, teatrşünas, professor Məryəm Əlizadə, Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, Xalq artisti Əli Nur, eləcə də sənətkarın digər sənət dostları və ailə üzvləri iştirak ediblər. Onlar Amaliya Pənahova ilə bağlı öz xatirələrini bölüşüb, sənətkarın zəngin yaradıcılığından danışıblar.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub, həmçinin aktrisanın rol aldığı tamaşalardan və filmlərdən fraqmentlər göstərilib. Eyni zamanda, Amaliya Pənahovanın vaxtilə “Unuda bilmirəm” tamaşasında ifa etdiyi eyniadlı məşhur əsər səsləndirilib.
Sənətkarın övladı, Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova muzeyin rəhbərliyinə və kollektivinə tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Daha sonra Amaliya Pənahovanın səhnə fəaliyyətindən qalan ən dəyərli yadigarlardan birini – aktrisanın 1971-ci ildə Tofiq Kazımovun quruluşunda Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” əsəri əsasında hazırlanan tamaşada geyindiyi libas və həmin tamaşadan bir nadir fotoşəkli Azərbaycan Dövlət Teatr Muzeyinin fonduna hədiyyə edib.

