Almaniyanın Mönxenqladbax şəhərinin “Borussiya” futbol klubu 22 il sonra ilk dəfə stadionunun ad hüquqlarını kommersiya məqsədilə satıb.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi “Borussiya-Park” stadionu 2026-2027-ci ildən etibarən “Ista-Borussia-Park” adlandırılacaq. İlkin olaraq 2031-ci ilədək qüvvədə olacaq müqaviləyə əsasən klub bu razılaşmadan ildə təxminən 5 milyon avro gəlir əldə edəcək. Klub rəhbərliyi bu müqavilənin maddi dəyərinə görə Bundesliqada üst sıralarda olduğunu açıqlayıb.
Klubun fəal azarkeş qrupları stadionun adının dəyişdirilməsini narazılıqla qarşılayıb. Onlar satışdan çox, prosesin şəffaf olmamasına etiraz ediblər.
Bununla da Bundesliqada ad hüquqları satılmamış cəmi iki arena qalır. Onlardan biri “St Pauli” klubunun “Millerntor” stadionu, digəri isə “Union Berlin”in ev oyunlarını keçirdiyi “Alte Försteray” arenasıdır. “Verder Bremen”in “Veser” və Hamburqun “Folkpark” stadionları isə ənənəvi adlarını daşısalar da, onların da ad hüquqları kommersiya qaydasında satılıb.

