Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə “Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu” Milli Tədqiqat Universiteti (TIIAME) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
“Tehsil365”xəbər verir ki,bu barədə BMU-dan məlumat verilib. BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, sənəd iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlığın sistemli şəkildə genişləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanla Özbəkistanın dostluq və strateji tərəfdaşlığının təhsil sahəsində real nəticələrini əks etdirir. Rektor vurğulayıb ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı etimada əsaslanan əlaqələri ali təhsil sahəsində müştərək layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər yaradır. Gələcək əməkdaşlığın əsas istiqamətlərinə diqqət çəkən rektor qeyd edib ki, sənədin məhz “QS Avrasiya Forumu 2025” çərçivəsində imzalanması tərəflər arasında əməkdaşlığın regional və beynəlxalq miqyasda əhəmiyyətini daha da artırır.
TIIAME-nin rektoru Baxodir Mirzaev isə çıxışında BMU ilə əməkdaşlığın onlar üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, imzalanan memorandumu gələcək birgə elmi tədqiqatlar, tələbə-müəllim mübadiləsi, eləcə də qarşılıqlı innovativ təşəbbüslərin reallaşdırılması baxımından mühüm addım kimi qiymətləndirib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 17-ci istiqamətin həyata keçirilməsinə mühüm töhfə verəcək memorandum, o cümlədən universitetlər arasında akademik və tədqiqat sahələrində birgə fəaliyyətlərin təşviqi, müəllim və tələbə mübadiləsi, elmi nəşrlərin paylaşılması və tədris proqramları, müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, TIIAME mühəndislik, kənd təsərrüfatı və ətraf mühit elmləri üzrə ixtisaslaşmış aparıcı ali məktəbdir. 1934-cü ildə təsis edilən və 2021-ci ildə Milli Tədqiqat Universiteti statusu alan TIIAME Mərkəzi Asiyanın ən nüfuzlu ali təhsil müəssisəsi kimi su, ərzaq, iqlim və dayanıqlı inkişaf sahəsində qlobal problemlərə həll yolları tapmaq məqsədilə yüksəkixtisaslı mütəxəssislər hazırlayır.

