Böyük Britaniyada Bornmut, Christchurch və Poole (BCP) şurası, xüsusi təhsil ehtiyacları və əlillik (SEND) xidmətləri üzrə yaranmış 183 milyon funt sterlinqlik kəsirlə bağlı hökumətə təcili yardım çağırışı edib.
“Tehsil365” xəbər verir ki, Şura təhsil naziri Bridget Phillipson və yerli hökumət naziri Stiv Ridə ünvanladığı məktubda, sabah açıqlanacaq büdcədən əvvəl "dağıdıcı nəticələrə" səbəb ola biləcək məcburi maliyyə qərarları barədə xəbərdarlıq edib.
Şura lideri Millie Earl bildirib ki, yaranmış vəziyyət artıq yalnız yerli deyil, milli böhran xarakteri daşıyır. Onun sözlərinə görə, problem təkcə uzunmüddətli borcun həlli ilə bağlı deyil, həm də dərhal ortaya çıxan ciddi likvidlik çatışmazlığıdır.
BCP şurasının illik SEND kəsiri təxminən 70 milyon funt sterlinq təşkil edir və bu məbləğin 2025-ci ilin aprel ayına qədər 183,1 milyon funt sterlinqə çatacağı proqnozlaşdırılır. Şura hökumətdən borcun faiz ödənişlərini qarşılamaq üçün hazırkı nağd vəsait ehtiyatlarını istifadə etməyə icazə verilməsini istəyir.
Rəsmi dairələrdən hələlik cavab gəlməyib, lakin ekspertlər xəbərdarlıq edirlər ki, belə maliyyə böhranı ölkə üzrə digər yerli hakimiyyətlərdə də təkrarlana bilər.

