İngiltərədə fəaliyyət göstərən 50-yə yaxın ali təhsil müəssisəsi yaxın 2-3 il ərzində maliyyə çətinlikləri səbəbindən bazardan çıxmaq riski ilə qarşı-qarşıyadır.
“Tehsil365” xəbər verir ki, Bu barədə məlumatlar İcmalar Palatasının Təhsil Komitəsində millət vəkillərinə təqdim olunub.
Araşdırmalar universitetlərin maliyyələşdirilməsi və müflisləşmə riski ilə bağlı aparılır və bu xəbərdarlıq ölkənin ali təhsil tənzimləyicisi olan Tələbələr Ofisinin (OfS) ötən həftə səsləndirdiyi narahatedici proqnozdan sonra səsləndirilib.
OfS bildirib ki, hazırda İngiltərədəki hər dörd universitetdən üçü ciddi maliyyə problemləri səbəbindən “qırmızı vəziyyət”dədir və sektor üzrə böhran dərinləşməkdədir.
Ekspertlər universitetlərin əsas gəlir mənbələrinin - xüsusilə beynəlxalq tələbə ödənişlərinin azaldığını, xərclərin isə kəskin artdığını qeyd edirlər. Bu durumun davam etməsi təhsilin keyfiyyətinə, tədqiqatlara və tələbə dəstək xidmətlərinə ciddi təsir göstərə bilər.
Millət vəkilləri təcili tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayırlar. Gözləntilər var ki, hökumət universitet sektorunu maliyyə dayanıqlılığı baxımından dəstəkləmək üçün yeni yanaşmalar təklif edəcək.

