Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin təşəbbüsü ilə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin məzunları ilə onlayn formatda görüş keçirilib.
“Tehsil365” bildirir ki, görüşün məqsədi fakültə məzunlarının peşəkar fəaliyyət sahələrində qazandıqları təcrübələri bölüşmək, ADU-da aldıqları təhsilin onların karyera inkişafına təsirini dəyərləndirmək və tədris proqramının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq olub.
Tədbirdə BMR fakültəsinin kafedra müdiri və müəllimləri ilə yanaşı Xarici İşlər Nazirliyi, Milli Məclis, Azərbaycan Respublikasının Fransadakı səfirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Kapital Bank, Beynəlxalq Bank və digər dövlət və özəl strukturlarda, həmçinin müxtəlif təhsil müəssisələrində çalışan məzunlar iştirak ediblər.
Onlayn görüş zamanı məzunlar ADU-da aldıqları təhsilin onların peşəkar fəaliyyətinə göstərdiyi təsiri yüksək qiymətləndirib, beynəlxalq münasibətlər, diplomatiya, regionşünaslıq, siyasi elmlər və dillər üzrə biliklərin iş prosesində mühüm rol oynadığını vurğulayıblar. Məzunlar tədris planında nəzərdə tutulan ixtisas fənlərinin onların analitik düşünmə, tədqiqat aparma və praktiki bacarıqlarının formalaşmasına əhəmiyyətli töhfə verdiyini, seçmə fənlərin isə digər ali təhsil müəssisələrindən fərqli olduğu üçün məzunların spesifik bilik və bacarıqlara sahib olmasına səbəb olduğunu bildiriblər. Məzunlar məhz tədris planlarının daha mükəmməl tərtibatı sayəsində uyğun peşə seçimi edə bildiklərini qeyd ediblər.
Görüşdə bir sıra vacib məsələlər müzakirə edilib. Məzunlar ADU-da aldıqları nəzəri və praktiki biliklərin onların əmək bazarında rəqabət qabiliyyətini artırdığını vurğulayıb, tədris olunan ixtisas və ümumi fənlərin beynəlxalq mühitdə fəaliyyətə uyğun kompetensiyaların formalaşmasına mühüm təsir göstərdiyini qeyd ediblər. Eyni zamanda, məzunlar universitetdə qazandıqları bilik və bacarıqları iş prosesində uğurla tətbiq etdiklərini bildirərək, peşəkar hazırlığın real iş mühitində öz təsdiqini tapdığını ifadə ediblər. Görüş zamanı həmçinin tədris planının təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib, bu çərçivədə praktiki dərslərin artırılması, analitik yazı bacarıqlarına həsr olunmuş xüsusi modulların əlavə edilməsi və sahə yönümlü qısa təlimlərin tədris proqramına daxil edilməsi təşəbbüs kimi irəli sürülüb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş, məzunların təklifləri fakültə rəhbərliyi tərəfindən qeyd olunub və gələcək tədris planının yenilənməsi prosesində nəzərə alınacağı bildirilib.

