Azərbaycan Dillər Universitetində (ADU) süni intellekt və humanitar elmlər mövzusunda konfrans keçirilib. Həmin tədbirdə çıxış edən Lyudmila Bejenaru tədbirin əhəmiyyətindən danışaraq bildirib:
“Tehsil365” bildirir ki, bu konfrans süni intellektin humanitar elmlərdə inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır. Bu xüsusilə vacibdir, çünki bu sahənin ideya müəllifi Lütfi Zadə azərbaycanlıdır və ölkənizdə akademik Rafiq Əliyevin rəhbərliyi ilə artıq formalaşmış Azərbaycan süni intellekt məktəbi mövcuddur.
Yuri Lotman yazırdı ki, “yeni tip ədəbiyyatşünas” ideal halda “ədəbiyyatşünas, dilçi və riyaziyyatçı” bacarıqlarını özündə birləşdirməlidir. Bu fikir rəqəmsal dövrdə daha da aktuallaşıb. Məhz bu baxışın təsiri ilə Rafiq Əliyev və Kamal Abdullanın yaradıcılıq əməkdaşlığı formalaşıb və onların elmi axtarışlarında bu yanaşma əsas rol oynayır.
Kamal Abdulla və Rafiq Əliyev “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” adlı monoqrafiyada ilk dəfə olaraq qeyri-səlis məntiqi dastanın epik mətnlərinə tətbiq etmişlər. Daha sonra “Qeyri-səlis məntiq və dil-nitq” kitabı nəşr olunub. 2024-cü ildə isə müasir informasiya cəmiyyətinin tələblərini nəzərə alaraq “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı yazılıb ki, bu da məntiqin tədrisində yeni yanaşmanı əks etdirir.
Bu araşdırmalar dilə və mətnə tamamilə yeni baxış təqdim edir, sözün sərhədləri arasında yaranan yeni mənaların və ideyaların yaratdığı mətn dünyasına daxil olmağa imkan yaradır. “Natamam əlyazma”nın müəllifi kimi Kamal Abdulla qeyri-səlis məntiqin ideyalarından və mətn oyunlarından ilhamlanaraq, “Seçilmiş əsərlərin” yeddi cildliyindəki materiallara əsaslanaraq öz “qranul-filizlərini” yaradır və yeni mətnin formalaşdırılmasında qranulyar metodu tətbiq edir.
Azərbaycan alimlərinin bu tədqiqatları, eləcə də bu gün keçirilən konfrans, Lütfi Zadənin də dediyi kimi, “real dünya ilə riyazi dünya arasındakı fərqi aradan qaldırmaq” məqsədinə xidmət edir və qeyri-səlis məntiq nəzəriyyəsinin digər elm sahələrində tətbiqi ideyasına yeni nəfəs verir.
Konfransın bütün iştirakçılarına elmi baxımdan maraqlı müzakirələr, məhsuldar dialoqlar və humanitar sahədə süni intellektin tətbiqi üçün yeni imkanlar arzulayıram.”

