Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Mərkəzinin müdiri, Qərb Ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Diana Hüseynzadə 18–21 noyabr tarixlərində Moskva şəhərində keçirilən IV Beynəlxalq Elmi Konfransda iştirak edib. Tədbir Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinin bazasında “Çoxqütblü dünyada beynəlxalq təhsil. DAY-4-ə nail olmağın milli strategiyaları: MDB ölkələrinin ən yaxşı təcrübələri” adlı forum çərçivəsində təşkil olunub.
“Tehsil365” bildirir ki, o, “Çoxqütblü dünyada beynəlxalq təhsil. DAY-4: MDB məkanında milli həllərin mübadiləsi” adlı plenar sessiyada “Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətqabiliyyətinin artırılması və milli kadrların hazırlanması” mövzusunda məruzə ilə çıxış edib.
Sessiyaya Rusiya Federasiyasından P. Lumumba adına RUDN Universitetinin prezidenti, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, MDB iştirakçı dövlətlərinin Təhsil sahəsində Əməkdaşlıq Şurasının üzvü, riyaziyyat elmləri doktoru, professor Vladimir Mixayloviç Filippov, eləcə də Belarus Respublikasından MDB İcraiyyə Komitəsinin siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin məsləhətçisi, MDB iştirakçı dövlətlərinin Təhsil sahəsində Əməkdaşlıq Şurası Katibliyinin rəhbər müavini Galina Nikolayevna Kazak moderatorluq ediblər.
Tədbir çərçivəsində Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin İnklüziv Təhsil İnstitutunun direktoru, dosent Vera Valeryevna Xitryuk, Pridnestrovye Dövlət Universitetinin rektor vəzifəsini icra edən, dosent Larisa Valeryevna Skitskaya, həmçinin Cənub Federal Universitetinin İqtisadi, Ekoloji və Sosial Sistemlərdə İdarəetmə İnstitutunun direktor müavini, dosent Yelena Konstantinovna Zaşitina ilə əməkdaşlıq əlaqələri qurulub.
Konfransda davamlı inkişaf, ekoloji, sosial və korporativ idarəetmə sahələrində 1500-dən çox ekspert, dünyanın aparıcı universitetlərinin nümayəndələri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının təmsilçiləri iştirak edib. Patris Lumumba adına RUDN Universiteti gənc alimlər, şirkət rəhbərləri, dövlət strukturlarının nümayəndələri, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində ekspertlər arasında təcrübə mübadiləsi üçün işçi platforma rolunu oynayıb.
Mütəxəssislər təhsil və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində elmi, akademik və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün öz bilik və təcrübələrini bölüşüblər.

