Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edərək, buradakı uşaqlarla görüşüb.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Agentliyin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev də iştirak ediblər.
Onlara agentliyin və müəssisənin fəaliyyəti, göstərilən xidmətlərin istiqamətləri və reabilitasiya prosesi barədə məlumat verilib. Qeyd edilib ki, müəssisədə hazırda 150-yə yaxın uşağa stasionar şəraitdə sosial reabilitasiya xidmətləri göstərilir.
Səfir əlilliyi olan uşaqlarla söhbət edib və onlara hədiyyələr bağışlayıb. O, Azərbaycanda həssas əhali qruplarına göstərilən xüsusi diqqət və qayğını yüksək qiymətləndirdiyini bildirib, həmçinin Heydər Əliyev Fondunun həssas əhali qrupları, o cümlədən əlilliyi olan uşaqlarla bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlar üçün iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir və həmin müəssisələrdə xüsusi qayğıya ehtiyacı olan 285 uşaq dövlət himayəsində yaşayır. Həmin müəssisələrdə uşaqların sosial reabilitasiyası və sosial adaptasiyası, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasına dəstək sahəsində işlər aparılır.

