Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin elmi və ictimai irsinə həsr olunmuş “Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu” mövzusunda dəyirmi masa keçirilib.
“Tehsil365” Azərtac-a istinadən xəbər verir ki,İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Seyid Əzim Şirvaninin yaradıcılığının Azərbaycanın ədəbi-mədəni inkişafında xüsusi mərhələ yaratdığını, onun maarifçilik ideyalarının bu gün də aktuallığını qoruduğunu diqqətə çatdırıb. Direktor müavini bildirib ki, Şirvani təkcə klassik poeziyada yeniləşmə cərəyanının təşəbbüskarı kimi deyil, həm də cəmiyyətin intellektual yüksəlişinə çalışan maarifçi ziyalı kimi tarixi əhəmiyyətə malikdir.
Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri professor Hacı Həsənov “S.Ə.Şirvani və dövrün ictimai-siyasi prosesləri”, aparıcı elmi işçilərdən dosent Zəfər Kərimov “S.Ə.Şirvaninin həyat və fəaliyyəti haqqında” və dosent Ramil Niftəliyev “S.Ə.Şirvaninin yaradıcılığı və müridizm” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə böyük maarifçinin ədəbi-bədii irsinin ideya istiqamətləri, şeirlərindəki fəlsəfi-ictimai məzmun, eləcə də onun pedaqoji fəaliyyətinin dövrün təhsil mühiti üçün əhəmiyyətli yeniliklər gətirdiyi xüsusi vurğulanıb. İştirakçılar Seyid Əzim Şirvaninin Azərbaycan maarifçilik ənənələrinin formalaşmasına verdiyi töhfələrin bölgənin ictimai düşüncəsinin inkişafında oynadığı rolu müxtəlif aspektlərdən təhlil ediblər.
Müzakirələr zamanı alimlər Şirvaninin elmi-pedaqoji baxışlarının müasir təhsil fəlsəfəsi ilə səsləşən tərəflərinə toxunaraq, maarifçi poeziyanın gənc nəsillərin dünyagörüşünə təsir imkanlarını diqqət mərkəzində saxlayıblar. Dəyirmi masada Şirvaninin dövrün köhnəlmiş düşüncə tərzinə yönəltdiyi tənqidi yanaşmaların bu gün üçün də dəyərli intellektual örnək təşkil etdiyi bildirilib.
Tədbirin sonunda iştirakçılar Seyid Əzim Şirvaninin həyat və yaradıcılığının daha dərindən araşdırılması, onun maarifçilik irsinin geniş ictimaiyyət arasında təbliği və yeni elmi layihələrin hazırlanması istiqamətində bir sıra təkliflərlə çıxış ediblər.

