Bu gün Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış hematoloq alim, tibb elmləri doktoru, professor və filoloq-tərcüməçi Musa Mirməmməd oğlu Abdullayevin doğum günüdür.
“Tehsil365” xəbər verir ki, O, 27 noyabr 1927-ci ildə Lənkəran qəzasının Qızılağac kəndində dünyaya göz açıb.
Musa Abdullayev həm elmi fəaliyyəti, həm də gənclik illərində göstərdiyi vətənpərvər mövqeyi ilə yadda qalıb. 1942–1944-cü illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan “İldırım” adlı gizli təşkilatın 8 üzvündən biri olub. Bu millətçi tələbə təşkilatı sovet rejiminə qarşı yönəlmiş və milli idealları müdafiə edən bir hərəkat kimi tarixə düşüb.
Elmi fəaliyyəti ilə də seçilən Musa Abdullayev hematologiya sahəsində dəyərli tədqiqatlar aparmış, Azərbaycanda bu sahənin inkişafına töhfələr vermişdir. O, tibb elmləri doktoru elmi dərəcəsinə və professor adına layiq görülmüş, neçə-neçə tələbənin yetişməsində rol oynamışdır.
Bundan əlavə, o, filoloq və tərcüməçi kimi də tanınırdı. Dəqiq elmlərlə humanitar bilikləri vəhdətdə birləşdirən nadir ziyalılardan biri olan Abdullayev, həm tibb, həm də ədəbiyyat aləmində iz buraxıb.
1979-cu il avqustun 8-də Bakıda vəfat edən Musa Abdullayevin xatirəsi bu gün də Azərbaycan elmi və milli yaddaşında yaşayır. Onun ömür yolu elmə və vətənə sadiqliyin parlaq nümunəsidir.

