Bu gün tanınmış Azərbaycan alimi, şair, publisist və pedaqoqu Əjdər Əbdülhüseyn oğlu Ağayevin vəfatının ildönümüdür.
“Tehsil365” xəbər verir ki, O, 27 noyabr 2018-ci ildə dünyasını dəyişib.
1937-ci il oktyabrın 10-da Salyan rayonunun Qırmızıkənd kəndində anadan olan Əjdər Ağayev zəngin və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın elmi-mədəni həyatında silinməz iz qoyub. O, yalnız ədəbiyyat adamı deyil, eyni zamanda, ölkənin təhsil sisteminin formalaşmasında əvəzsiz xidmətləri olan alim və ictimai xadim idi.
Əjdər Ağayev 1957-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2001-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Onun poeziya və nəsr əsərləri, publisistik məqalələri cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xidmət edib. Elmi sahədə isə o, pedaqoji elmlər doktoru və professor kimi təhsil nəzəriyyəsi və tədris metodikası üzrə çoxsaylı tədqiqatlara imza atıb.
Əjdər Ağayev Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri, eləcə də Respublika Müəllimlər Şurasının sədri kimi, təhsilin inkişafı ilə bağlı mühüm təşəbbüslərin müəllifi olmuşdur. Onun təşəbbüsləri və elmi yanaşmaları bu gün də pedaqoji fikirdə yaşamaqdadır.
2000-ci ildə “Əməkdar müəllim” fəxri adı ilə təltif olunan Əjdər Ağayev həm də yüzlərlə müəllimin yetişməsində böyük rol oynamış, onun yetirmələri bu gün ölkənin müxtəlif bölgələrində elm və təhsilə xidmət edirlər.
Əjdər Ağayevin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün böyük itkidir. Onun zəhmətkeş, vətənpərvər və ziyalı obrazı həm müəllimlər, həm də ədəbiyyatsevərlər üçün örnək olaraq qalır.
Bu gün onun xatirəsi doğmaları, həmkarları, tələbələri və geniş oxucu kütləsi tərəfindən dərin hörmət və ehtiramla yad edilir.

