Rumıniyanın qabaqcıl “Stiripesurse” nəşri Azərbaycan ilə Misir arasında son dövrlər artan siyasi və iqtisadi dinamikandan bəhs edən məqalə dərc edib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, yazıda münasibətlərin yeni strateji mərhələyə aparılmasından bəhs olunub..
Nəşrin məlumatına görə, Bakı və Qahirə arasında yüksək səviyyəli təmaslar intensivləşib, tərəflər enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər. Qeyd olunub ki, Azərbaycan və Misir arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi və yeni iqtisadi layihələrin reallaşdırılması hər iki tərəfin prioritetləri sırasındadır.
Rumıniya nəşri vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın güclənməsi regional sabitlik, enerji təhlükəsizliyi və strateji tərəfdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Misir və Azərbaycan, həmçinin tranzit imkanlarının birgə istifadəsi və Qlobal Cənub ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində də ortaq fəaliyyətlərə maraq göstərirlər.
Vurğulanıb ki, Bakı–Qahirə xəttində artan dinamika gələcəkdə daha genişmiqyaslı siyasi və iqtisadi layihələr həyata keçirməyə zəmin yaradır. O da vurğulanıb ki, qarşıdakı aylarda əməkdaşlığın yeni mərhələsinə dair görüşlər planlaşdırılır.

