Dünyanın ən varlı qadınlarından biri və ən səxavətli xeyriyyəçilər sırasında yer alan MacKenzie Scott-un həyatındakı dönüş nöqtələrindən biri onun Prinston Universitetində ikinci kursda oxuduğu zaman baş verib.
“Tehsil365” xəbər verir ki, Hazırda milyardlarla dollar ianə etməsi ilə tanınan Scott, bir zamanlar təhsili üçün cəmi 1000 dollar tapa bilmədiyi üçün universiteti tərk etmək təhlükəsi ilə üz-üzə qalıb.
O dövrü xatırlayan Scott bildirib ki, maliyyə çətinlikləri onu tamamilə ümidsiz vəziyyətə salıb və məktəbi yarımçıq qoymaqla üzləşdirib. Lakin bu anda otaq yoldaşı Jeannie Tarkenton onun həyatını dəyişdirəcək bir addım atıb. Tarkenton atasına zəng edərək Skottun vəziyyətindən danışıb və onu bu pulu borc verməyə razı salıb.
Scott o anları belə təsvir edib: “Otaqda ağlayırdım. Jeannie mənim üçün danışdı və atasını inandırdı. Bu, sadəcə maliyyə dəstəyi deyildi — bu, mənə olan bir inam idi.”
Məhz bu 1000 dollar onun təhsilini davam etdirməsinə imkan verib. İllər sonra isə MacKenzie Scott, Amazon-un qurucusu Jeff Bezos ilə boşandıqdan sonra əldə etdiyi sərvətinin böyük hissəsini xeyriyyəçilik işlərinə yönəltməsi ilə tanınıb. O, bu günə qədər təxminən 16 milyard dollardan çox vəsaiti minlərlə təşkilata bağışlayıb.
Bu hadisə MacKenzie Scott-un alicənablığının təməlindəki şəxsi təcrübələri ortaya qoyur. Tələbəlikdə aldığı kiçik, lakin həyati əhəmiyyətli dəstək onun gələcəkdə başqalarına kömək etmək üçün necə ilhamlandığını göstərir.
Scott-un həyat hekayəsi, bir insanın vaxtında aldığı dəstəyin gələcəkdə minlərlə, hətta milyonlarla insana necə təsir edə biləcəyini bir daha sübut edir.

