Müasir cəmiyyətin inkişaf səviyyəsi, onun bütün üzvlərinə, o cümlədən fiziki məhdudiyyətli şəxslərə təqdim etdiyi bərabər imkanlarla ölçülür. Təhsil isə bu imkanların təmin olunmasında həlledici rol oynayan əsas sahələrdən biridir. Bu baxımdan ali təhsil müəssisələrində inklüzivliyin təmin edilməsi və fiziki məhdudiyyətli şəxslərin təhsil hüququnun tam şəkildə reallaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Maraqlıdır, ali təhsil müəssisələrində fiziki məhdudiyyətli tələbələr üçün imtahanlar hansı formada və hansı xüsusi qaydalar əsasında təşkil olunur?
“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki,Təhsil Portalı universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki,UNEC-də fiziki məhdudiyyətli şəxslərdən əlavə ümumiyyətlə həssas kateqoriyadan olan tələbələrimiz var:
“Lakin daha çox digər kateqoriyalardan olan tələbələrimiz var. Hazırda bu kateqoriyaya aid, 1-ci kurs da daxil olmaqla, 70-dən çox tələbəmiz təhsil alır.
Tələbələrimiz təhsil aldıqları müddətdə daim koordinasiya olunur. Onlara lazımi dərs materialları təqdim edilir, əlavə dərslər təşkil olunur və s. Bununla yanaşı, imtahan öncəsi tələbələrimizə psixoloji dəstək göstərilir. Eyni zamanda universitetdə mühazirələr audio formata çevrilir ki, bu proses xüsusilə görmə məhdudiyyəti olan tələbələr üçün həyata keçirilir. Həmin tələbələr üçün yazılı imtahanlar şifahi formaya dəyişdirilir. UNEC-də inklüziv təhsil mərkəzi isə artıq 10 ildir ki, fəaliyyət göstərir".
Lənkəran Dövlət Universitetindən (LDU) əldə etdiyimiz məlumata əsasən, universitetdə fiziki məhdudiyyətli tələbələr də təhsil alır:
“Əlilliyi olan tələbələr üçün zəruri avadanlıqlarla təchiz edilmiş mərkəz yaradılıb, universitetin tədris binalarında panduslar və liftlər quraşdırılıb. İmtahanlara gəldikdə isə tələbələrin müraciəti əsasında onların səhhəti nəzərə alınır. Bu məqsədlə müvafiq əmr verilir və həmin əmrə əsasən əlilliyi olan tələbələr üçün imtahanların təşkili üzrə komissiya yaradılır. Qeyd edirik ki, LDU-da tələbələr e-şəxsi kabinetləri vasitəsilə imtahan vaxtlarını müstəqil müəyyənləşdirir və təyin etdikləri tarix və saatda imtahan verirlər".
Azərbaycan Dillər Universitetindən (ADU) qeyd edilib ki, hazırda üç nəfər fiziki məhdudiyyətli tələbə təhsil alır və onlar üçün xüsusi şərait yaradılıb:
"Belə ki, imtahanlar birinci mərtəbədə təşkil olunur, onlar yuxarı mərtəbələrə qalxmaq məcburiyyətində qalmırlar. Eyni zamanda həmin tələbələr ilk sıralarda yerləşdirilir. O əlavə edir ki, hazırda universitetdə daha çox fiziki məhdudiyyətli tələbə yoxdur.
Qüsurlu görmə imkanına malik tələbələr üçün imtahanlar şifahi formada təşkil olunur. Bu zaman onların yanında xüsusi bir tutor əyləşir və müəllim imtahanı şifahi şəkildə aparır. Lakin ümumilikdə universitetdə imtahanların əksəriyyəti yazılı şəkildə keçirilir. Yalnız bəzi spesifik fənlər, xüsusilə dil bacarıqları ilə bağlı olan fənlər istisna təşkil edərək şifahi formada qiymətləndirilir".
ADA Universitetindən aldığımız məlumata görə, universitetdə fiziki məhdudiyyətli tələbələr var və onların kampus ərasizində hərəkət etmələri üçün hər bir şərait yaradılıb:
“Fiziki məhdudiyyətli tələbələrin dərslərə qeydiyyatı və iştirakının təmin edilməsi məqsədilə qeydiyyat şöbəsi və müəllimlər tərəfindən xüsusi dəstək göstərilir. Bundan başqa, inklüziv tədris təcrübəsinə malik müəllimlər dərs prosesində həmin tələbələrlə fərdi qaydada məşğul olurlar".
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) təqdim edilib ki, hazırda fiziki məhdudiyyətli tələbəmiz yoxdur:
“Lakin fiziki məhdudiyyətli tələbələr üçün yan pilləkəndə pandus quraşdırılmışdır. Tədris binasının birinci mərtəbəsində yerləşən auditoriyalar onların istifadəsi üçün tam uyğunlaşdırılmışdır. Həmçinin imtahan prosesləri də tələbələrin fiziki məhdudiyyətlərinə uyğun şəkildə təşkil oluna bilər".
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) qeyd olunub ki, fiziki məhdudiyyətli tələbələrin imtahan prosesində bərabər və əlçatan şəraitlə təmin olunması universitetimizin inklüziv təhsil siyasətinin vacib istiqamətlərindən biridir:
“Fiziki məhdudiyyətli tələbələr fənn üzrə digər tələbələrlə eyni biliyə malik olmalı və onların bilikləri eyni standartlarla qiymətləndirilir. Fənnin məzmunu və tələb olunan bilik səviyyəsi ilə bağlı hər hansı güzəşt edilmir. Lakin imtahan prosesində fiziki əlçatanlıq və tələbənin rahatlığı üçün xüsusi yanaşmalar tətbiq olunur. Zərurət yarandıqda tələbələr uyğunlaşdırılmış otaqlarda imtahan verə, əlavə vaxtdan istifadə edə bilə və yazı-cavablandırma dəstəyi ala bilirlər.
Görmə və eşitmə məhdudiyyəti olan tələbələr üçün elektron oxu proqramları, böyüdücü cihazlar, xüsusi qulaqcıqlar və digər texniki vasitələrdən istifadə imkanı vardır. Universitet korpusları panduslar, liftlər və əlçatan otaqlarla təchiz edilib ki, tələbələrin imtahanlara rahat daxil olması təmin olunsun.
AzMİU inklüziv təhsilə xüsusi önəm verir və fiziki məhdudiyyətli tələbələrin tədris və imtahan prosesində bütün zəruri dəstək və imkanlarla təmin olunmasına diqqət göstərir".
Gəncə Dövlət Universitetindən (GDU) bildirilib ki, imtahanların təşkili zamanı hər kurs və qrupun tələbələrini 5 nəfər olmaqla müxtəlif otaqlara yerləşdirilir:
"Fiziki məhdudiyyəti tələbələrin isə həmişə I mərtəbədə olan otaqlara yerləşdiririk".
Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, fiziki məhdudiyyətli tələbələr üçün imtahanlar inklüziv təhsil prinsiplərinə uyğun şəkildə təşkil olunur:
"Tələbənin ehtiyacından, fiziki qüsurundan asılı olaraq müvafiq addımlar atılır. Eyni zamanda zərurət olduqda köməkçi şəxs dəstəyi göstərilir".
Xəzər Universitetindən verilən məlumata əsasən, fiziki məhdudiyyətli tələbələr üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq imtahanlar təşkil edilir:
“Dekanlıqlar hər bir fiziki məhdudiyyətli tələbə üçün fərdi köməkçi assisent təyin edib. Həmçinin universitetin girişində onlara xüsusi lift təmin olunub".
Bakı Slavyan Universitetindən (BSU) qeyd edilib ki, SİM (sağlamlıq imkanları məhdud) tələbələr üçün imtahan prosesinin təşkili onların fərdi müraciətləri əsasında həyata keçirilir:
"Belə ki, tələbələr öz müraciətlərini universitetin müvafiq struktur bölməsinə təqdim etdikdə, onların imtahanları şifahi formada təşkil olunur".

