“Apple Computer” (hazırda “Apple Inc.” adlanır - red.) şirkətinin təsis sənədi hərraca çıxarılıb.
“Tehsil365” “9to5Mac”a istinadən xəbər verir ki, söhbət Stiv Cobs, Stiv Voznyak və Ron Veyn tərəfindən imzalanmış 1976-cı il tarixli üç səhifəlik tərəfdaşlıq müqaviləsindən gedir.
Ekspertlər sənədin 2-4 milyon dollara satıla biləcəyini proqnozlaşdırırlar. Proqnoz özünü doğruldarsa, bu, “Apple” şirkəti ilə bağlı ən bahalı lot olacaq.
Sənədin “Christie's” hərrac evinin 23 yanvar 2026-cı il tarixli hərracında təqdim ediləcəyi gözlənilir.
Qeyd edək ki, müqavilədə iştirakçıların ilkin payları müvafiq olaraq 45%, 45% və 10% səviyyəsində müəyyən edilib. Lakin bir neçə gün sonra Veyn öz payını 800 dollara satıb. Onun satdığı pay hazırda təxminən 400 milyard dollar dəyərində qiymətləndirilir.

