Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Natəvan Cəfərova və Xasiyət İsmətovanın “Ekoloji tədqiqatlarda Coğrafi İnformasiya Sistemləri texnologiyaları və məsafədən zondlama məlumatlarının tətbiqi prinsipləri” monoqrafiyası çapdan çıxıb.
“Tehsil365” qeyd edir ki, İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya Coğrafiya İnstitutunun sabiq direktoru, tanınmış okeanoloq-alim, Dövlət Mükafatı laureatı, akademik Ramiz Məmmədovun xatirəsinə ithaf edilib.
Doqquz fəsildən ibarət kitabda akademik Ramiz Məmmədovun rəhbərliyi altında müəlliflər tərəfindən aparılmış elmi işlərin nəticələri təqdim olunur. Yer səthinin aerokosmik vasitələrlə və məlumatlarla öyrənilməsi üçün hibrid informasiya - analitik sistemlərin yaradılması metodları, bu məlumatların yerüstü ölçmələrlə və məkan məlumatlarının işlənməsi üzrə geoinformasiya texnologiyaları ilə inteqrasiyası izah olunur.
Kitabda aşağıda qeyd olunan məsələlər araşdırılır:
-Geoinformasiya texnologiyalarının və məsafədən zondlama materiallarının ekoloji tədqiqatlarda, rasional təbii ehtiyatlardan istifadə edilməsində və sosial-iqtisadi xəritələşdirmədə tətbiqinə dair nəzəri-metodoloji əsaslar;
-Aerokosmik təsvirlərin əldə olunmasının fiziki əsasları və texniki vasitələri;
-Müasir aerokosmik təsvir fondları və onların geoinformasiya sistemləri ilə inteqrasiyası imkanları, bu imkanlardan idarəetmə, rasional təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində istifadə yolları;
-Xəritələşdirmə, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və sosial-iqtisadi xəritələşdirmə məqsədləri üçün aerokosmik təsvirlərin deşifrə və interpretasiya metodları;
-Məsafədən zondlama məlumatlarının müasir geoinformasiya texnologiyalarına inteqrasiyası üsulları və onların müxtəlif tətbiqi məsələlərdə təhlil bacarıqlarının mənimsənilməsi.
Məsafədən zondlama və geoinformasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş monoqrafiya bu texnologiyaların qlobal, regional və lokal səviyyədə təbii ehtiyatlardan istifadə, sosial-iqtisadi və ekoloji problemlərin həlli üçün tətbiqinin başa düşülməsi və mənimsənilməsinə xidmət edir.
Kitabın elmi redaktoru Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Zaur İmranidir.

