Bakı Mühəndislik Universitetində (BMU) tələbələr arasında Azərbaycan tarixi üzrə “2025-ci il Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarış keçirilib.
“Tehsil365” Azərtac-a istinadən xəbər verir ki, ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva tədbirin açılışında çıxış edərək bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar universitetdə bir sıra maarifləndirici tədbirlər həyata keçirilib. O, tələbələr arasında intellektual yarışın da həmin silsilə tədbirlərin bir hissəsi olduğunu vurğulayıb. Əlavə edib ki, əsas məqsəd gənclərin Azərbaycanın tarixi ilə bağlı biliklərini möhkəmləndirmək, analitik düşüncə bacarığını inkişaf etdirmək və onları fərqli ixtisaslarda oxuyan həmyaşıdları ilə bilik mübadiləsinə təşviq etməkdir. Yarışı gənclərin ölkəmizin keçmiş və müasir tarixinə dair daha zəngin biliklər öyrənmək baxımından bir platforma kimi qiymətləndirən kafedra müdiri iştirakçılara uğurlar arzulayıb.
Sonra kafedranın baş müəllimi və yarışın təşkilatçılarından biri Elnur Nəciyev viktorinanın qaydalarını tələbələrə izah edib.
İştirakçılar “Mexatronika və robototexnika mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi“, “Sənaye mühəndisliyi” və “Memarlıq” komandalarına bölünüblər. İki mərhələdən ibarət yarışda iştirakçılara Azərbaycan tarixinə aid suallar təqdim olunub.
Sonda I yeri “Sənaye mühəndisliyi”, II yeri “Elektrik və elektronika mühəndisliyi”, III yeri isə “Mexatronika və robototexnika mühəndisliyi” komandaları tutub.
Komanda üzvlərinə diplomlar təqdim olunub.

