Noyabrın 27-də Xankəndidə Qarabağ Universitetinin İncəsənət fakültəsində ali təhsil müəssisəsinin yaradılmasının 2 illiyinə həsr olunmuş konsert proqramı və sərgi keçirilib.
“Tehsil365” Azərtac-a istinadən xəbər verir ki , tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Universiteti rəhbərliyi, müəllim, tələbə heyəti və media nümayəndələri iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında ali təhsil müəssisəsinin iki il ərzində keçdiyi inkişaf yoluna toxunub. Rektor Qarabağ Universitetinin həm tədris prosesinin təşkili, həm də elmi və mədəni fəaliyyət sahələrində ardıcıl nailiyyətlər əldə etdiyini vurğulayıb. Ş.Bayramov universitetin Qarabağda ali təhsilin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin icrasına töhfə verməyə davam etdiyini qeyd edib və bu cür mədəni tədbirlərin tələbələrin yaradıcı düşüncəsinin, estetik zövqünün və ictimai fəallığının artırılmasında mühüm rol oynadığını bildirib. Rektor, həmçinin bu müddət ərzində universitetin inkişafına töhfə verən bütün əməkdaşları və tələbələri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə çıxışında fakültədə aparılan tədris və yaradıcılıq istiqamətli işlər, tələbələrin akademik hazırlığı və müxtəlif incəsənət layihələrinin bölgənin mədəni həyatına verdiyi töhfələr barədə məlumat verib. T. Qasımzadə bildirib ki, fakültə qarşıdakı illərdə də tələbələrin peşəkar inkişafını, yaradıcı potensialının dəstəklənməsini və Qarabağın mədəni mühitinin zənginləşdirilməsinə xidmət edən layihələrin sayının artırılmasını prioritet istiqamət kimi müəyyənləşdirib.
Konsert proqramı Niyazinin “Qaytağı” əsərinin ifası ilə başlayıb. Proqram çərçivəsində İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələri tərəfindən klassik və milli musiqi nümunələri təqdim olunub. Konsert proqramı “Qarabağ şikəstəsi”nin ifası ilə yekunlaşıb.
Tədbirin ikinci hissəsində Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Vəliyevanın “Güclü ruhlara ithaf” adlı fərdi sərgisi açılıb. Sərgidə Qarabağın bədii irsini əks etdirən müxtəlif rəsm əsərləri nümayiş etdirilib.

