Noyabrın 27-də Naxçıvan Dövlət Universitetində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş “Elmin zamanla sınanmış dəyəri” adlı respublika elmi konfransı keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində təşkil edilmiş “Akademik Yusif Məmmədəliyev” adlı guşə və Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzində açılan “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi ilə tanış olublar.
Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzindəki konfransın açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra Naxçıvan Dövlət Universiteti televiziyası – NDU TV tərəfindən hazırlanmış “Akademik Yusif Məmmədəliyev – 120” adlı videoçarx nümayiş olunub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Prezidentin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin 120 illik yubileyinin respublikamızın bütün elm-təhsil müəssisələrində qeyd olunduğunu, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, həmçinin Naxçıvan Dövlət Universitetinin hazırladığı müvafiq Tədbirlər Planına uyğun olaraq, akademik Yusif Məmmədəliyevin elmi irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif tədbirlərin icra olunduğunu qeyd edib.
Vurğulanıb ki, bu gün keçirilən konfrans həmin Tədbirlər Planının icrası və Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzələrin nəşrindən ibarətdir. Rektor Elbrus İsayev Naxçıvan Dövlət Universitetində hər zaman akademik Yusif Məmmədəliyevin adına böyük ehtiramla yanaşıldığını bildirib.
AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev “Elmin yüksəlişinə aparan yol: Yusif Məmmədəliyev və AMEA” mövzusundakı çıxışı zamanı bildirib ki, Azərbaycan elmində, ictimai-siyasi həyatında çox fəal olan Yusif Məmmədəliyevin adı yüksək qiymətləndirilir. Yusif Məmmədəliyev bütün ömrünü, həyatını neft və qazın öyrənilməsinə həsr edib. Yaşadığı dövr üçün apardığı tədqiqatlar birmənalı olaraq SSRİ-də və SSRİ-dən kənarda dəyərləndirib. Bu gün də o, öz dəyərini qoruyub saxlaya bilib.
Sonra ETN Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev “Azərbaycanda kimya elminin banisi kimi Yusif Məmmədəliyevin yeri”, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov “Akademik Yusif Məmmədəliyevin həyatı: elmə həsr edilmiş ömür”, Mingəçevir Dövlət Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Adil Aslanov, Naxçıvan Dövlət Universitetinin YAP ərazi təşkilatının sədri, dosent Bəhruz Məmmədov “Neft-kimya sənayesinin modernləşməsinə Yusif Məmmədəliyev ideyalarının təsiri”, ETN Təbii Ehtiyatlar İnstitutunun Filiz və qeyri-filiz yataqları laboratoriyasının müdiri, dosent Aliyə Rzayeva “Müharibə illərində elmi fəaliyyət: Yusif Məmmədəliyevin fövqəladə xidmətləri” mövzusunda çıxış ediblər.
Sonra akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş, gənc alimlər arasında keçirilən “Yusif Məmmədəliyev – Azərbaycan elminin zirvəsi” mövzusunda “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Konfrans işini 2 salon, 4 panel üzrə üz-üzə və onlayn formatda bölmə iclasları ilə davam etdirib. Bölmələrdə respublikanın 21 müxtəlif elm və təhsil müəssiələr üzrə 60-dan çox məruzə dinlənilib.

