Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə 100 – Xalqın ruhunu duyan şair” mövzusunda tədbir təşkil edilib. Tədbirdə İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva, İngilis və alman dilləri fakültəsinin dekanı dosent Naibə Camalzadə, Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri p.f.d. Günay Şirəliyeva, Linqvokulturologiya kafedrasının müdiri fil.e.d. Vüsalə Ağabəyli, kafedranın əməkdaşları, həmçinin fakültənin III kurs tələbələri iştirak ediblər.
“Tehsil365” bildirir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları – 302A qrupunun tələbələri Nuray Balıyeva və Səma Quliyeva – Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.
Daha sonra 302A və 302B qruplarının tələbələri Fidan Bayramova, Mehriban Murtuzova, Xədicə Baxşəliyeva, Lamiyə Səfərli, İlahə Zeynalova, Nərmin Hüseynova və digərləri şairin yaradıcılığında milli düşüncə, qadın obrazı, xəlqilik, vətənpərvərlik, lirik poeziyası və insana baxışı mövzularında çıxış ediblər. Çıxışlar videoçarxlar, Bəxtiyar Vahabzadənin öz səsləndirdiyi şeirlər, həmçinin tələbələrin ifasında təqdim olunan şeir və mahnılarla müşayiət olunub.
Kafedranın baş müəllimi Səidə Orucovanın Bəxtiyar Vahabzadənin lirikasından bəhs edən çıxışının sonunda şairin “Bir salama dəymədi” şeirini səsləndirməsi tədbirin yaddaqalan məqamlarından biri olub.
Tədbir zamanı tələbələr Bəxtiyar Vahabzadənin yaradıcılığının əsas qayəsinin xalqın azad və xoşbəxt gələcəyini görmək, türk dünyasının birliyi ideyasını yaşatmaq olduğunu vurğulayıblar. Bildirilib ki, xalqımız və tariximiz yaşadıqca Bəxtiyar Vahabzadənin irsi də yaşayacaq, onun əsərləri Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndiriləcək.
Tədbirin sonunda Linqvokulturologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Vüsalə Ağabəyli çıxış edərək bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2025-ci il tarixli “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən həyata keçirilib. O qeyd edib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı və fəaliyyəti Azərbaycan xalqının ruhunu yüksəltməyə xidmət edib, yeni nəslin düşüncəsində və azadlıq uğrunda mübarizəsində şairin rolu danılmazdır. Vüsalə xanım çıxışının sonunda şairin “Ömür” şeirindən bir bənd səsləndirib.
İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva öz çıxışında qeyd edib ki, Bəxtiyar Vahabzadə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatına mühüm tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz ustadıdır. Dekan tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib və tələbələrə xoş arzularını çatdırıb.

