Azərbaycan Dillər Universitetinin (ADU) Koreya dili ixtisası üzrə təhsil alan tələbələri 21-22 noyabr 2025-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən "7-ci Koreyaşünaslıq Həftəsi"ndə ölkəmizi uğurla təmsil ediblər.
“Tehsil365” bildirir ki, ADU-nun Koreya dili müəllimi Bahar Əliyevanın rəhbərliyi ilə tədbirdə iştirak edən tələbələr universiteti yüksək səviyyədə təmsil ediblər.
15-ci Mərkəzi Asiya Koreyaşünaslıq Olimpiadasında Tərcümə fakültəsinin 4-cü kurs (Azərbaycan sektoru) tələbəsi Muhammed Musa Koreya dili və mədəniyyəti üzrə biliklərini nümayiş etdirərək 3-cü yerə layiq görülüb.
Eyni zamanda, 10-cu MDB Gənc Koreyaşünas Tədqiqatçılar Konfransında 4-cü kurs (Rus sektor) tələbəsi Firuzə Mehdizadə elmi məruzəsi ilə çıxış edib. Tələbənin tədqiqat işi və çıxışı iştirakçılar və münsiflər heyəti tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən tədbir Cənubi Koreyanın Baş Konsulluğu, Koreya Fondu və Koreyaşünaslıq Akademiyasının dəstəyi ilə keçirilib.

