Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Elvira İmanova və Müasir dillər kafedrasının baş müəllimi Nərgiz Mədətova 20–23 noyabr tarixlərində Venesuela Bolivar Respublikasının paytaxtı Karakasda keçirilən II Beynəlxalq Poeziya Festivalında iştirak ediblər.
“Tehsil365” bildirir ki, səfər ADU ilə Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyi arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində baş tutub. Festival çərçivəsində müəllimlərimiz, 2024–2025-ci tədris ilində Venesuela səfirliyində və ADU-nun İspan dili Mərkəzində istehsalat təcrübəsi keçən tələbələr tərəfindən Venesuela poeziyasının görkəmli nümayəndələrindən tərcümə olunmuş üç kitabın təqdimat mərasimində iştirak ediblər.
Təqdimat mərasimində Venesuela Bolivar Respublikası Milli Assambleyasının Sədri Xorxe Rodrigez, hökumət rəsmiləri və Venesuelanın Kommunikasiya və İnformasiya Naziri, tanınmış şair Freddi Nyanyez iştirak ediblər. Freddi Nyanyez festivalın təşkilatçı heyətinin əsas simalarından biri kimi çıxış edib. Tədbir Venesuelanın dövlət televiziya kanalında canlı yayımlanıb.
Mərasim Azərbaycan Respublikasının tanıtım çarxının nümayişi ilə açılıb. Ardınca universitetin fəaliyyəti, tələbələrin tərcümə prosesi və ADU-nun beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verilib. Bu hissə fonda nümayiş etdirilən videoçarxla müşayiət olunub. Tədbir iştirakçılarına universitetin strukturu və fəaliyyətini əks etdirən broşürlər təqdim edilib.
Təqdimatın yekununda tərcümə olunmuş kitabların müəllifləri şeirlərini ispan dilində, ADU-nun baş müəllimi Elvira İmanova isə həmin nümunələrin Azərbaycan dilində tərcümələrini səsləndiriblər.
Festival günləri ərzində ADU-nun müəllimləri Venesuelanın müxtəlif yerli media qurumlarına müsahibələr verərək, layihənin iki ölkə arasında mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıblar.

