Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllim və şagirdlərindən ibarət komandalar “SAF 2025” Beynəlxalq STEAM Azərbaycan Festivalının final mərhələsində böyük uğur əldə ediblər.
“Tehsil365” AZƏRTAC- a istinadən xəbər verir ki, regionu təmsil edən 30 komanda festivalın müxtəlif istiqamətlərində yarışaraq, ümumilikdə, 21 medal qazanıb və 16 nominasiya üzrə qalib gəlib.
Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta ümumtəhsil məktəbinin mentoru Fidan Abdullayeva olan “Forward-44” komandası “Təsəvvürdən reallığa” (Imagination to Reality) kateqoriyası üzrə 1-ci yerə layiq görülüb.
Uğur qazanan komandalarda həm ibtidai sinif şagirdləri, həm də yuxarı sinif iştirakçıları yer alıb. Onların hazırlığına bölgənin müəllimləri tərəfindən göstərilən peşəkar dəstək xüsusi rol oynayıb.
Regional Təhsil İdarəsi tərəfindən ötən il ərzində STEAM yönümlü dərnəklərin gücləndirilməsi, laboratoriya imkanlarının artırılması və müəllim hazırlığının təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Qeyd edək ki, festivalda komandalara robototexnika, mühəndislik həlləri, proqramlaşdırma, elmi layihələr, texnoloji innovasiyalar, ekoloji təkliflər və digər STEAM istiqamətləri üzrə tapşırıqlar təqdim olunub. Lənkəran-Astara bölgəsinin komandaları yarışmada həm texniki biliklərini, həm də yaradıcı düşüncə və komanda bacarıqlarını uğurla nümayiş etdiriblər.

