Noyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) keçiriləcək “Beyond Grammar: Applying Modern Methodologies in the ESL Classroom” adlı beynəlxalq konfransda iştirak etmək məqsədilə gələn Özbəkistanın Dövlət Cahan Dillər Universitetinin (DCDU) Dünya Dilləri kafedrasının yeddi nəfərdən ibarət professor-müəllim heyəti ADU-nun qonağı olub.
“Tehsil365” bildirir ki, beynəlxalq şöbənin təşəbbüsü və təşkilatçılığı ilə qonaqlar 27–28 noyabr tarixlərində ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Dünya Dilləri kafedrası və Tərcümə fakültəsinin nəzdində fəaliyyət göstərən Müasir dünya dilləri kafedrasının müəllim və tələbələri ilə görüşüb, tədris prosesi ilə tanış olub, müxtəlif mövzularda müzakirələr ediblər. Təşkil olunan görüşlərdə həmçinin qonaqlara universitetin fəaliyyəti barədə məlumat verilib və hər iki universitetin nümayəndələri arasında gələcəkdə birgə tədris və tədqiqat imkanları müzakirə olunub.
Qeyd edək ki, Beynəlxalq şöbənin təşkilatçılığı ilə 19 noyabr tarixində adı çəkilən universitetin Psixologiya və Pedaqogika kafedrasının müdiri, professor Dusmurod Juraevin Strateji İnkişaf və Planlama şöbəsi, həmçinin Keyfiyyət təminatı və monitorinq şöbəsi ilə görüşü baş tutub. Görüşdə uyğun sahələr üzrə QS World University Rankings by Subject reytinqi, onun qiymətləndirmə metodologiyası, akademik nüfuz, işəgötürənlər arasında əməkdaşlıq və beynəlxalq elmi əlaqələr barədə fikir mübadiləsi aparılıb.

