Cəbrayıl şəhəri Soltanlı kənd orta məktəbində Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tanınmış dilçi-alim, türkoloq, filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun yubileyi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirin açılışında çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin müavini Fəridə İbayeva alimin elm sahəsi ilə yanaşı, rayonun ictimai-siyasi həyatında böyük xidmətləri olduğunu vurğulayıb. O, alimin Soltanlı kənd orta məktəbinin məzunu olduğunu bildirib.
Tədbirdə Cəbrayıl rayon YAP-ın sədri Arif Fərzəliyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Bakı Dövlət Universitetinin Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, yazıçı Azad Qaradərəli, şair-publisist Əlirza Xələfli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev professor İsmayıl Kazımovun elmi-pedaqoji və türkoloji fəaliyyətini yüksək dəyərləndirib, onun alim və pedaqoq kimi çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Qeyd edilib ki, İsmayıl Kazımov yalnız elmi nailiyyətləri ilə deyil, həm də təhsilin inkişafına, gənc kadrların yetişdirilməsinə və türk dillərinin öyrənilməsinə yeni yanaşmaları ilə seçilir. Alimin elmi yaradıcılığında milli düşüncənin, dilin saflığının və milli-mənəvi dəyərlərin qorunması məsələləri hər zaman ön plandadır.
Tədbirdə filologiya elmləri doktoru Şakir Albalıyev “Yubilyarın elmi fəaliyyəti və yaradıcılığı”, dosent Dilbər Camali “İsmayıl Kazımovun türkoloji görüşləri” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə İsmayıl Kazımovun əsərlərinin əhəmiyyətindən bəhs edilib, onun yüksək intellektə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğu vurğulanıb.
Tədbirdə məktəblilər alimə suallar ünvanlayıb, şagirdlərin ifasında musiqi əsərləri təqdim edilib.
Sonda İsmayıl Kazımov rayon rəhbərliyinə, tədbir təşkilatçılarına minnətdarlığını bildirib. O, cəbrayıllı olmaqdan qürur duyduğunu və bu dəyərin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.

