Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşəbbüsü, baş müəllim Nahidə Məmmədova və 124 b qrup tələbələrinin, həmçinin ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib.
“Tehsil365” bildirir ki, tədbirdə kafedra müdiri dos. Sevda Zamanova, kafedranın müəllimləri, Təhsil fakültəsinin dekan müavini Aytac Əliyeva və 124a–124c qrup tələbələri iştirak ediblər. 124 b qrup tələbələri Qəribli Aynişan, Abbasova Fatimə, Həsənli Günel, Həsənli Həcər, Məmmədli Çimnaz, Əzizova Aylin, Şahverənova Nuray və Abbasova Şeyda BMT-nin Uşaq Hüquqları Konvensiyası, Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanun və Uşaq hüquqları müdafiəsi komitəsi barədə çıxışlar ediblər.
Tələbələrin universitetin həyətində uşaq hüquqları mövzusunda keçirdikləri sorğunu əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş olunub.
Sonda kafedra müdiri dos. S. Zamanova və baş müəllim Nahidə Məmmədova tələbələrin çıxışlarını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin əməkdaşı Elşən Hüseyinli JOVE elmi axtarış platforması haqqında məlumat verib və bu platformanın vizual elmi məqalələrin təqdimatı vasitəsilə tədris prosesində effektiv resurs kimi istifadə oluna biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, tədbir, hər il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil olunur.

