AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda bir sıra elmi əsərlər nəşr olunub.
‘‘Tehsil365’’ bildirir ki, institutdan bildirilib ki, yeni monoqrafiyalar Azərbaycan tarixi, etnodemoqrafik vəziyyət və beynəlxalq münasibətlər kontekstində aparılmış geniş tədqiqatların nəticələrini özündə əks etdirir.
Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi tarix elmləri doktoru Güntəkin Nəcəflinin “Rusiya imperiyası və ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq fəaliyyəti (XVIII–XIX əsrin əvvəllərində)” adlı monoqrafiyasında Çar Rusiyasının Qafqazda yürütdüyü siyasət və ermənilərin Azərbaycan ərazilərində dövlət qurmaq istiqamətində atdıqları addımlar araşdırılıb.
Qərbi Azərbaycan tarixi şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru Elçin Qarayevin “Azərbaycanlılarla ermənilərin arasında keçirilən “Barışdırıcı Qurultay” (Qafqaz Canişinliyi, 1906-cı il 20 fevral-6 mart)” adlı elmi əsərində 1906-cı ildə Qafqaz Canişinliyində keçirilmiş qurultayın mahiyyəti, məqsədləri, tərəflər arasında aparılan müzakirələrin məzmunu və nəticələri ətraflı şəkildə tədqiq edilib.
Tətbiqi etnoqrafiya və kulinariya mədəniyyəti tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Solmaz Məhərrəmovanın “Qarabağ və Zəngəzurda etnodemoqrafik vəziyyət (XIX–XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında Qarabağ və Zəngəzur bölgələrində etnodemoqrafik dəyişikliklər, sosial-iqtisadi proseslər və etnosiyasi vəziyyət çoxsaylı arxiv sənədləri və mənbələr əsasında müqayisəli təhlil olunub.
Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadənin “Azərbaycan–Gürcüstan münasibətləri tarixindən: XIX–XX əsrin 30-cu illərinin əvvəlləri” adlı əsərində Azərbaycanın tarixi torpaqlarına qarşı iddialar, regiondakı siyasi proseslər və münasibətlərin dinamikası araşdırılıb.
Qərbi Azərbaycan tarixi şöbəsinin hazırladığı (redaktor şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, tərtibçilər aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov və aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov) “1948–1953-cü illərdə Ermənistan SSR-dən (Qərbi Azərbaycan) azərbaycanlıların deportasiyası” adlı sənədli mənbələr toplusu rus dilində çapdan çıxıb.

