44 günlük Vətən müharibəsindən ötən müddət ərzində olduğu kimi bu gün də bütün laçınlılar rayonun işğaldan azad edilməsi ilə bağlı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 1 dekabr 2020-ci ildə söylədiyi tarixi nitqinin: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik…” sözlərini böyük sevinc hissi ilə xatırlayırlar.
“Tehsil365” xatırladır ki, məlum olduğu kimi, 30 ilə yaxın erməni işğalçıları tərəfindən zəbt edilən Laçın rayonunun Azərbaycan üçün strateji və iqtisadi əhəmiyyəti çox böyükdür. Rayonun 1 şəhəri, 1 qəsəbəsi, 125 kəndi, 72 min hektar yaylağı və 34 min hektar meşə sahəsi mövcuddur. Laçın dəniz səviyyəsindən 700–3600 metr yüksəklikdə yerləşməsi ilə də ölkəmizin ən füsunkar guşələrindən biridir.
Ərazisində 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqlarının mövcudluğu, civə, əlvan və üzlük daşları, sement və tikinti daşı kimi təbii sərvətlərlə zənginliyi rayonun strateji əhəmiyyətini daha da artırır. 18 may 1992-ci ildə Laçının işğalı nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı formalaşmış, rayonun 65 mindən çox sakini etnik təmizləməyə məruz qalmış, 300-dən çox insan həlak olmuş və ya itkin düşmüş, yüzlərlə tarixi-mədəni irs obyekti məhv edilmişdir.
Erməni silahlı birləşmələri Laçının coğrafi adlarını dəyişdirmiş, təbii sərvətlərini talan etmiş, Suriyadan gətirilmiş erməniləri qanunsuz şəkildə bölgədə məskunlaşdıraraq demoqrafik vəziyyəti dəyişməyə cəhd etmişlər.
2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün davam edən Vətən müharibəsi ərzində Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Ermənistanın illərlə qurduğu istehkam xətləri darmadağın edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən Zəfər nəticəsində ölkəmiz Ağdam, Kəlbəcər və Laçını bir güllə atmadan geri qaytardı. Həmçinin Laçının Güləbird, Səfiyan və Türklər kəndləri döyüşlərlə azad edildi.
İftixar hissi ilə qeyd edilməlidir ki, 28 illik işğaldan sonra Laçında yenidən üçrəngli Azərbaycan bayrağı dalğalanır. Laçının bir şəhid verilmədən azad edilməsi ölkənin ictimai-siyasi həyatında misilsiz tarixi hadisə kimi qiymətləndirilir.
2021-ci il fevralın 14-dən etibarən dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri, bərpa-quruculuq işlərinə xüsusi nəzarəti laçınlılar və bütün köçkünlər tərəfindən böyük minnətdarlıqla qarşılır.
Birinci Dövlət Proqramına əsasən, 2023-cü ilin 28 may tarixindən başlayaraq yüzlərlə laçınlı ailəsi 30 illik həsrətdən sonra doğma yurdlarına qayıdıb. Bu proses Azərbaycan dövlətinin həyata keçirdiyi "Böyük Qayıdış"ın mühüm tərkib hissəsidir.

