Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il fevralın 14-də Gəncə şəhərində TKT (Teaching Knowledge Test) imtahanı keçirəcək.
“Tehsil365” xəbər verir ki, imtahan mərkəzin Gəncə regional bölməsində təşkil olunacaq. İmtahana qeydiyyat bu il dekabrın 25-dək davam edəcək.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının 1,2,3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi) və CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat üçün [email protected] elektron poçtuna suallar ünvanlamaq olar.

