Qazaxıstanın Şımkent Universitetinin rektoru Nurlybekin Seitkulovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Görüş çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.
“Tehsil365” xəbər verir ki,BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Universitetin beynəlxalq əlaqələrində türkdilli dövlətlər, xüsusilə Qazaxıstan ali məktəbləri ilə əməkdaşlığın gücləndirilməsi prioritet istiqamətlərdən birini təşkil edir. BDU-nun 12 beynəlxalq ikili diplom proqramından 4-ü qardaş ölkənin ali məktəbləri ilə həyata keçirilir. İndiyədək BDU Qazaxıstanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq memorandumları imzalayıb. Bir neçə gün əvvəl isə BDU ilə Özbəkistanın Mirzə Uluqbəy adına Milli Universiteti, Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti və D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə dördtərəfli anlaşma memorandumu imzalanıb. Rektor imzalanan memorandumların qardaş ölkələrimiz arasında elm, təhsil sahəsində əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib.
Şımkent Universitetinin rektoru Nurlybekin Seitkulov isə BDU-nun elm və təhsil sahəsində uğurlarını yaxından təqib etdiklərini diqqətə çatdırıb, birgə əməkdaşlığın uzunmüddətli və faydalı olacağını bildirib. O, xüsusilə pedaqoji, humanitar istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
İmzalanan memorandum tərəflər arasında birgə elmi layihələrin icrasını, akademik mübadilə proqramlarının genişləndirilməsini və təhsil sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafını nəzərdə tutur.

