Bakı Dövlət Universitetində (BDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının kontitusiyası – Dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda Respublika elmi konfransının açılış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki,tədbirdən əvvəl BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad olunub.
Konfrans BDU-nun akt zalında davam edib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar müasir çağırışlar fonunda dövlətçiliyimizin hüquqi əsaslarının yenidən qiymətləndirilməsi, suverenlik konsepsiyasının daha dərindən öyrənilməsi üçün geniş imkanlar açır. Müstəqil Azərbaycanın Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi ilə qəbul edilib. Bu sənəd təkcə hüquqi mətn deyil, həm də müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi yolunda dönüş nöqtəsi olub. Konstitusiyamız insan hüquq və azadlıqlarını ali dəyər kimi təsbit, hakimiyyət bölgüsünü, dövlət quruluşunu və cəmiyyətin əsas prinsiplərini müəyyən edir. XXI əsrin reallıqları suverenlik məfhumuna yeni məzmun gətirib. Bu gün suverenlik siyasi sərhədlərlə yanaşı, iqtisadi, texnoloji və elmi suverenlik, infomasiya və kiberməkanda suverenlik, mədəni suverenlik və identiklik kimi sahələri də özündə birləşdiriir. Azərbaycan son illərdə məhz bu istiqamətlər üzrə öz suverenliyini daha da gücləndirib. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi isə bu prosesin ən mühüm tarixi nəticəsi oldu. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ildə heç bir gün belə çəkməyən lokal antiterror tədbirləri ilə Azərbaycan dövlətinin ərazi bütövlüyü və konstitusion hakimiyyəti tam şəkildə bərpa olundu. Ölkəmizin hər bir qarışında Azərbaycan Respublikasının Konstitusiyasının tətbiqi təmin olundu.

