Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini xanım Nomusa Dube-Ncubenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfəri çərçivəsində SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
“Tehsil365” xəbər verir ki,BANM-in rektoru Elmar Qasımov nümayəndə heyəti ilə görüşərək onlara rəhbərlik etdiyi ali təhsil ocağı, burada yaradılan imkanlar, tədris prosesi, həyata keçirilən layihələr barədə geniş məlumat verib. Rektor Bakı Ali Neft Məktəbinin beynəlxalq əlaqələrinin genişləndiyini, əcnəbi tələbələrin sayının əhəmiyyətli dərəcədə artdığını vurğulayaraq Cənubi Afrika Respublikasından da tələbələri BANM-də təhsil almağa dəvət edib.
CAR-ın nazir müavini ölkəsinin ali təhsil sistemi, əmək bazarında tələb olunan istiqamətlər barədə məlumat verərək bildirib ki, təmsil etdiyi qurum beynəlxalq əməkdaşlıq çərçivəsində CAR universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq həyata keçirilməsində maraqlıdır.
Görüşdə, həmçinin CAR universitetləri ilə BANM arasında əməkdaşlıq perspektivləri, tələbə-müəllim mübadiləsi imkanları, birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, yay məktəblərinin təşkili barədə müzakirələr aparılıb.
Qonaqlar BANM-in əsas kampus binası, buradakı laboratoriyalar ilə də tanış olublar.

