Noyabrın 28-də Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi, İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi, Gənc Diplomatlar İctimai Qurumu və İSBEAZ Klubunun birgə təşkilatçılığı ilə “Regional Təhlükəsizlik və Terrorizmə Qarşı Mübarizə” adlı genişmiqyaslı diplomatik simulyasiya uğurla həyata keçirilib.
“Tehsil365” bildirir ki, simulyasiya konfransının keçirilməsində əsas məqsəd regional təhlükəsizlik mühitinin dərin təhlili, münaqişələrin səmərəli idarə olunması, terrorizmə qarşı mübarizə strategiyalarının müzakirəsi və dövlətlərarası diplomatik kommunikasiya bacarıqlarının təkmilləşdirilməsidir. Tədbirdə beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsinə maraq göstərən tələbələr üçün real diplomatik mühit yaradılıb və xüsusi interaktiv format tətbiq edilib.
Simulyasiyada Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İ. F. Kazımbəyli, bir sıra kafedra müdirləri, müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə 10 dövlət nümayəndəsi və 3 media nümayəndəsi təmsil olunub. İştirakçılar müsahibə əsasında Azərbaycan Dillər Universitetində təhsil alan tələbələr arasından seçiliblər.
Simulyasiya zamanı hər bir ölkə nümayəndəsi müzakirə mövzusuna uyğun olaraq öz dövlət mövqeyini təqdim edib, debat sessiyalarında çıxış edib və yekun olaraq simulyasiyanın nəticələrini əks etdirən bəyannamə hazırlayıb.
Sonda simulyasiyada fəallıq dərəcəsinə əsasən ölkə nümayəndələrinə və jurnalistlərə fərqlənmə tətifləri və sertifikatlar təqdim olunub. Bundan əlavə, təşkilati işlərdə fəallıq göstərən Gənc Diplomatlar İctimai Qurumunun idarə heyəti üzvləri – Zəhra Qasımova, Mədinə Əmirahlı, Günel Dosməmmədova, Nuray Xalacova, Aişə Quluyeva, həmçinin simulyasiyanın idarəedilməsi üzrə Sədarət heyəti üzvləri – Ağamirzə Zülfüqarov və Məryam Mirzəzadə təşəkkürnamə ilə təltif olunublar.

