Dekabın 1-də Azərbaycan Dillər Universitetində tələbələrin və magistrantların peşəkar bacarıqlarının inkişafı və əmək bazarına effektiv adaptasiyasını təşviq etmək məqsədilə “Əmək bazarı nümayəndələri ilə görüş: İKTA-nın təqdimatı” adlı tədbir keçirilib. Görüş BMR fakültəsinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası və Magistratura şöbəsinin təşəbbüsü ilə hibrid formatda olub. Tədbir tələbələrin karyera inkişafına yönəlmiş mühüm addım kimi qiymətləndirilib.
“Tehsil365” bildirir ki, ADU-nun məzunu və İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi Agentliyinin (İKTA) İnsan Resursları şöbəsinin aparıcı mütəxəssisi Solmaz Məmmədova çıxışı zamanı agentliyin yaranma tarixi, missiyası və strateji vizyonu barədə ətraflı məlumat verib. O, həmçinin tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramlarının məzmunu və həyata keçirilmə mexanizmləri haqqında danışıb. Solmaz Məmmədova bildirib ki, təcrübə proqramı iki istiqamətdə – istehsalat təcrübəsi və peşə təcrübə proqramı – həyata keçirilir. İstehsalat təcrübəsi yalnız 4-cü kurs tələbələri və II kurs magistrantları üçün nəzərdə tutulur və adətən yanvar–mart aylarını əhatə edən üç aylıq müddətdə baş tutur. Proqramın sonunda iştirakçılara təşəkkürnamə və xasiyyətnamə təqdim olunur. Peşə təcrübə proqramına isə tələbələr may ayından etibarən müraciət edə bilirlər və proqramı uğurla tamamlayanlar sertifikatla təmin olunurlar. Hər iki istiqamətdə yüksək nəticə göstərən tələbələr üçün agentlikdə iş imkanları da mövcuddur.
Tədbirdə İKTA-nın İT departamentinin əməkdaşı Şahmar Bayramlı da çıxış edərək tələbələrə agentlik tərəfindən təqdim olunan rəqəmsallaşdırılmış xidmətlər, xüsusilə e-şikayət xidməti barədə geniş məlumat verib.
Görüşün sonunda tələbələr maraqlandıran sualları təqdim edərək agentlik nümayəndələri ilə qarşılıqlı müzakirələr aparıblar. Tədbir sual-cavab formatında davam edib.

