Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bir qrup yaradıcı heyəti “Pakistan İncəsənət Şurası”nın (“Art Council Pakistan”) təşkilatçılığı ilə reallaşan Dünya Mədəniyyəti Festivalında ölkəmizi təmsil edir. Dekabrın 7-dək Pakistanın Kəraçi şəhərində davam edəcək bu nüfuzlu beynəlxalq tədbirdə Musiqili Teatrın yaradıcı heyəti tərəfindən Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanan “Anamın kitabı” tamaşası təqdim olunacaq.
“Tehsil365” bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Fəridə Aslanova deyib.
Onun sözlərinə görə, tamaşa Prezident mükafatçısı İradə Gözəlovanın quruluşunda hazırlanıb. “Quruluşçu rəssam Vüsal Rəhim, döyüş səhnələri və rəqslərin quruluşçusu Xalq artisti Pərviz Məmmədrzayev, rejissor isə Zaur Əliyevdir. Əsər teatrın istedadlı aktyorları – Səmədzadə Xasiyev, Hüseyn Əlili, Zaur Əliyev, Nəzrin İsmayılzadə, Adelin Öztürk, Nərmin Əliyeva, Əli Kərimov, İranə Kərimova, Sübhan Rüstəmov və Murad Əliyev tərəfindən ingilis dilində səhnələşdirilib. Bununla yanaşı, səfər müddətində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nümayəndə heyəti beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirməyi planlaşdırır”,- deyə o əlavə edib.
Mətbuat katibi deyib ki, festivalda ABŞ, Rusiya, Türkiyə, Almaniya, Fransa, İtaliya, Yaponiya, Braziliya, İraq, Mərakeş daxil olmaqla ümumilikdə 140 ölkədən 1000-dən çox teatr və incəsənət nümayəndəsi iştirak edir.

