Müasir dövrümüzdə gənclərin iş tapmaq prosesi təkcə iqtisadi çətinliklərlə ölçülmür. Bu, həm də psixoloji, sosial və fərdi amillərin iç-içə keçdiyi çoxşaxəli bir prosesdir.
“Tehsil365” xəbər verir ki, Psixaloq Orxan Şəfizadə açıqlamasında qeyd edib ki, “Cəmiyyətin gözləntiləri, ailə təzyiqi, rəqabətin kəskin artması və özünüdərkdə yaranan boşluqlar gənclərin həyat yolunda ciddi gərginlik yaradır”.
1. Təcrübə paradoksu: “İş üçün təcrübə lazımdır, təcrübə üçün iş”
“Gənclərin çoxu işə qəbul prosesində eyni dilemmayla qarşılaşır:
İşə qəbul üçün təcrübə tələb olunur,
Lakin təcrübə qazanmaq üçün iş lazımdır.
Bu paradoks zamanla gənclərdə özünəinam itirir, “Məndə nə çatmır?” sualı yaranır və özgüvən sarsılır”.
2. Rəqabətin həddindən artıq yüksəlməsi
“Texnologiyanın inkişafı ilə bilik əldə etmək asanlaşsa da, rəqabət daha sərtləşib. Eyni vakansiya üçün yüzlərlə müraciət olur. Bu isə gənclərdə özünü digərləri ilə müqayisə etmə, “Mən daha zəifəm?” kimi düşüncələrin formalaşmasına səbəb olur”
3. Ailə və cəmiyyət gözləntisi
“Bəzi gənclər iş tapa bilmədikcə ailənin təzyiqi artır. Cəmiyyətin “Nə vaxt işləyəcəksən?”, “Səndə niyə alınmır?” kimi sualları psixoloji yük yaradır. Bu isə narahatlıq pozuntularını gücləndirir və gəncin diqqətini cəmləməsinə mane olur”
4. Peşə seçimində qeyri-müəyyənlik
“Bir çox gənc öz güclü tərəflərini kəşf etmədən ali təhsil seçir və sonradan uyğun olmayan sahələrdə iş axtarmağa məcbur qalır. Fərdin özünü tanımaması karyera hədəflərini qarışdırır və iş tapmaq müddətini uzadır”
5. Real bacarıqlar ilə bazar tələbi arasındakı uyğunsuzluq
“Universitet bilikləri çox vaxt əmək bazarının tələb etdiyi bacarıqlarla uyğun gəlmir. Gənclər:
Kompüter bilikləri,
Analitik düşüncə,
Komanda işi,
Praktiki təcrübə
kimi sahələrdə çatışmazlıq hiss edir.
Bu da onları ilk iş təcrübəsində çətin vəziyyətə salır”
6. Psixoloji davamlılığın zəif olması
“Stress, rədd cavabları, uğursuz müsahibələr gənclərdə psixoloji dayanıqlığı aşağı salır. Bəziləri bir neçə cəhddən sonra tamamilə motivasiyasını itirir. Müasir dövrdə gənclər həm də kədərlə, özünüqiymətləndirmə problemləri ilə, bəzən isə kroniki narahatlıqla üzləşirlər”
7. Sosial şəbəkə təzyiqi
“Instagram və digər platformalarda hamının uğurlu görünməsi gənclərin özünü daha zəif hiss etməsinə səbəb olur. Real həyat ilə sosial şəbəkə reallığı arasındakı fərq psixoloji narazılıq yaradır”.
Psixaloq həmçinin qeyd edib ki, “Yekun olaraq deyə bilərəm ki, gənclərin iş tapmaqda üzləşdiyi çətinliklər təkcə iqtisadi deyil – psixoloji və sosial yönlərdən də dərin təsir göstərir. Hər bir gəncin güclü tərəflərini tanıması, özünü dərk etməsi, mərhələli şəkildə hədəflərinə yaxınlaşması vacibdir. İşə qəbul prosesi sadəcə uğur axtarışı deyil, həm də özünü kəşf yoludur”.

