"Vəkillərin bizə təqdim etdiyi təklif və problemləri Ali Məhkəməyə göndərəcəyik və çalışacağıq ki, onlar həll olunsun".
“Tehsil365” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov DİM-də vəkilliyə imtahan verilməsi prosesini izləməyə gələn jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2 gün əvvəl Ali Məhkəmənin rəhbərliyinin təşəbbüsü ilə "Femida" dialoq platforması çərçivəsində vəkillər, hakimlər və hüquqşünaslarla ikinci görüş baş tutub:
"Səmərəli görüş oldu. Cari məsələlər, problemlər müzakirə edildi. Toplantı vəkillər üçün səmərəli idi. Məhkəmə-hüquq sahəsində islahatlar davam edir. Çalışırıq ki, vəkillərin problemləri aradan qalxsın. Görüşdə 20-dən çox vəkil iştirak etsə də, 50-dən çox vəkil təkliflərini göndəriblər. Onları Ali Məhkəməyə təqdim edəcəyik. Digər dövlər qurumları ilə də əməkdaşlığa hazırıq. Məqsədimiz problemləri həll etməkdir".

