İtaliyanın paytaxtı Romada keçirilən “Muzeylərdə Musiqi 2025” (Musei in Musica 2025) proqramı çərçivəsində Azərbaycan milli musiqisi xüsusi bədii proqramla şəhər ictimaiyyətinə təqdim olunub.
“Tehsil365” xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi bu il “Zetema Mədəniyyət Layihəsi”(Zètema Progetto Cultura) tərəfindən tədbirə xüsusi qonaq kimi dəvət olunub və “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı xüsusi konsert proqramı Trastevere rayonunda yerləşən “Roma Muzeyi” (Museo di Roma) məkanında təşkil edilib.
Tədbirin açılışını Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə edib. O, gecənin moderatoru kimi çıxış edərək qonaqları salamlayıb və qədim nəfəsli musiqi aləti olan balabanın tarixi, səsi və mədəni əhəmiyyəti barədə auditoriyaya məlumat verib. Daha sonra ifaçıları təqdim edib.
Ardınca Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək tədbirin təşkilatçıları – Roma Bələdiyyəsi, Roma Muzeylər Şəbəkəsi və Zetema Mədəniyyət Layihəsi təşkilatına təşəkkürünü bildirib. Səfir Azərbaycan musiqisinin zəngin kökləri, onun beynəlxalq mədəni dialoqda oynadığı rol və İtaliya ictimaiyyətinin bu musiqiyə göstərdiyi böyük marağın mədəni əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Konsert proqramında balaban ifaçısı Mehman Nuriyev və pianoçu Səbinə Məmmədova çıxış edərək Azərbaycan musiqisinin emosional dərinliyini və poetik çalarlarını dinləyicilərə təqdim ediblər. Balabanın insan səsini xatırladan həzin tembrinin pianonun zərif klassik ifadə palitrası ilə vəhdəti musiqiyə xüsusi bir poetik aura bəxş edib və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu bənzərsiz sintez Roma sakinləri və xarici qonaqlar üçün unudulmaz bir musiqi axşamı yaradaraq Azərbaycan musiqisinin qədim ruhunu gecənin ən yaddaqalan məqamlarından birinə çevirib.
Qeyd edək ki, Mədəniyyət Mərkəzimiz artıq bir neçə ildir Romada keçirilən böyük mədəni proqramlarda fəal iştirak edir. “Muzeylərdə Musiqi 2025” proqramı isə İtaliya paytaxtında musiqi və sənətin birləşdirilməsi ilə mədəni irsin geniş auditoriyalara təqdim edilməsinə xidmət edən əsas illik layihələrdən biridir.

