Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi cəmiyyətin gələcək inkişafı üçün əsas şərtlərdən biridir. Bunun üçün ilk növbədə müəllimlərin peşəkar inkişafına xüsusi diqqət yetirilməlidir. Müasir tədris metodlarının mənimsənilməsi və davamlı ixtisasartırma təlimləri müəllimlərin dərs prosesində daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradır.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.O,bildirir ki:
“Təhsilin gücləndirilməsində məktəb infrastrukturunun yaxşılaşdırılması da mühüm rol oynayır. Müasir texnologiyaların tədrisə inteqrasiyası, rəqəmsal resurslardan istifadə və təhlükəsiz, əlverişli tədris mühitinin yaradılması şagirdlərin motivasiyasını artırır. Eyni zamanda, şagird yönümlü yanaşma fərdi ehtiyacların nəzərə alınması, psixoloji dəstək və inklüziv təhsil daha sağlam və balanslı inkişafı təmin edir.
Valideyn–məktəb əməkdaşlığının gücləndirilməsi və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi də təhsilin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Şagirdlərin yalnız imtahanlarla deyil, müxtəlif fəaliyyətlər əsasında qiymətləndirilməsi onların potensialının daha dolğun ortaya çıxmasına şərait yaradır. Bütün bu addımların ardıcıl şəkildə həyata keçirilməsi məktəblərdə təhsil gücünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur”.

