Cənubi Koreyanın Asan şəhərində “Rəqəmsal erada sivilizasiyalar birliyinə əsaslanan regional quruluş konsepsiyası: Humanitar İpək yolu və rəqəmsal Dunhuanq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
“Tehsil365” xəbər verir ki, Sunçunyanq Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda alimlərin İpək yolu üzərində mədəni irsin yeni təzahürləri, sivilizasiyaların birliyi, süni zəka dövründə İpək yolu irsinin rəqəmsallaşması, dillərin bir-birinə qarşılıqlı təsiri və digər mövzularda məruzələri dinlənilib.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev konfransda “İpək yolu üzərində leksik vahidlərin qarşılıqlı alınması: Qərb regionunun bir neçə dili üzərində nümunəvi araşdırma” mövzusunda çıxış edib. Alim vurğulayıb ki, İpək yolu üzərində yerləşən ölkələri birləşdirən ən güclü mədəni zəncir məhz dildir. Azərbaycanın üstün coğrafi mövqeyini nəzərə çatdıran natiq türk dillərinin timsalında İpək yolu vasitəsilə baş tutan Azərbaycan və Çin dillərində qarşılıqlı təmasları konkret nümunələrlə göstərib. Qeyd edib ki, bu proses xüsusilə İpək yolu vasitəsilə aparılan mədəni və ticarət əlaqələri kontekstində önəmli rol oynayıb. Tarixi mənbələr göstərir ki, Çin dilindən qədim türk dilinə bir çox siyasi və hərbi vəzifə adları, kənd təsərrüfatı məhsulları, alət adları və fəlsəfi düşüncə terminləri daxil olub. Türk dillərindən də Çin dilinə çoxsaylı sözlər daxil olub, bu sözlər həm gündəlik həyatda, həm də ədəbi əsərlərdə geniş istifadə edilir. Alınma prosesi yalnız sözlərin leksik sahəsində deyil, eyni zamanda, tələffüz və morfoloji xüsusiyyətlərdə də özünü göstərib. Bəzi sözlər qədim türk dilindən Çin dilinə morfoloji şəkilçilərlə bərabər bir bütöv kimi daxil olub. Sözlərin qarşılıqlı alınması yalnız dil aspektində maraqlı deyil, həm də mədəniyyətlərarası əlaqələrin göstəricisi hesab edilir. Bu fenomen İpək yolunun yalnız ticarət marşrutu olmadığını, həm də mədəni və dil əlaqələrinin inkişafında əsas rol oynadığını göstərir.
A.Əliyev bildirib ki, nəticə olaraq, qədim türk və Çin dillərində sözlərin alınması tarixi, mədəni və dilçilik baxımından qiymətli bir fenomendir. Bu tədqiqat sahəsi həm qədim dillərin öyrənilməsinə, həm də mədəniyyətlərarası əlaqələrin anlaşılmasına yeni perspektivlər açır.

