Qarabağ Universiteti 19-21 noyabr 2025-ci il tarixlərində Latviya Universitetinin Humanitar elmlər fakültəsinin Asiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Zamanın qrammatikası: ontologiyalar və mədəniyyətlərarası təcrübələr” (The Grammar of Time: Ontologies and Practices Across Cultures) mövzusunda konfransda təmsil olunub.
“Tehsil365” xəbər verir ki,konfransda Qarabağ Universitetinin Pedaqoji fakültəsinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfzadə onlayn formatda iştirak edib.
Konfransın plenar iclasında Ə.Nəcəfzadə “Məhəmməd Füzulinin əsərlərində zaman və məkan anlayışlarının nisbiliyi” adlı məruzə ilə çıxış edib və mövzuya dair sualları cavablandırıb. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, konfransda Azərbaycan daxil olmaqla Latviya, Sloveniya, Böyük Britaniya, ABŞ, Çin, İspaniya, Koreya, Hindistan, Filippin, Nigeriya kimi ölkələrdən ümumilikdə 50 şərqşünas alimin məruzəsi dinlənilib.

