Noyabrın 28-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyi münasibətilə geniş tədbir keçirilib. “Ustaddan öyrən” layihəsi çərçivəsində təşkil olunan görüşdə tanınmış alimlər, yazıçılar, universitetin professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Tehsil365” bildirir ki, tədbiri giriş sözü ilə açan tanınmış şair Ələmdar Cabbarlı akademik Kamal Abdullanın elmi-pedaqoji fəaliyyəti, zəngin ədəbi yaradıcılığı, milli ədəbi düşüncəyə verdiyi dəyərli töhfələrdən danışıb. Bildirilib ki, Azərbaycan humanitar fikrinin ən parlaq simalarından biri olan Kamal Abdulla müstəqillik dövründə həm Xalq yazıçısı fəxri adını, həm də akademik elmi titulunu daşıyan yeganə Azərbaycan ziyalısıdır. Kamal Abdulla 34 yaşında elmlər doktoru elmi dərəcəsinə yiyələnib, dilçilik, ədəbiyyatşünaslıq və digər humanitar sahələrində fundamental araşdırmalar aparıb. Onun romanları müasir Azərbaycan nəsrində yeni mərhələ açıb, dramaturgiyası teatr sənətinə modern düşüncə xətti gətirib, fundamental elmi araşdırmaları isə humanitar elmin nəzəri-estetik çərçivəsini genişləndirib.
BDU-nun rektoru Elçin Babayev çıxışında Kamal Abdullanın həm ədəbi yaradıcılığı, həm də elmi fəaliyyəti haqqında geniş məlumat verib. Rektor qeyd edib ki, akademikin poetik düşüncəsi, nəsrinin çoxqatlı strukturu, dramaturgiyasının fəlsəfi məzmunu və dilçilik sahəsində apardığı tədqiqatlar onu müasir Azərbaycan humanitar elminin aparıcı simalarından birinə çevirib.
Rektorun sözlərinə görə, elmdə yeni paradiqma yaradan Kamal Abdulla mifoloji qatların bədii şərhini elmi təhlillə birləşdirən nadir yaradıcı şəxsiyyətlərdəndir: “Onun əsərlərində zaman, məkan və insanın daxili dünyası arasında qurulan estetik münasibətlər Azərbaycan nəsrinin yeni bədii fəzasını formalaşdırır. Dilçilik araşdırmaları isə bir çox nəzəri məsələlərə yenidən baxmağa imkan verib”. Qeyd olunub ki, Kamal Abdulla həm də pedaqoq kimi yüzlərlə tələbənin formalaşmasında xüsusi rol oynayıb. Onun elmi və bədii yaradıcılığı yeni tədqiqatlar üçün geniş imkanlar açır, filoloji fikrin gələcək inkişaf xəttini müəyyənləşdirir.
Görüşdə çıxış edən akademik Nizami Cəfərov Kamal Abdullanın dilçilik elminə gətirdiyi yenilikləri müasir elmi kontekstdə nəzərdən keçirib. Yubilyarın ayrı-ayrı əsərlərinə xronoloji ardıcıllıqla istinad edən natiq qeyd edib ki, Kamal Abdullanın “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı ilk fundamental elmi əsəri dil və mətn münasibətlərinə dair araşdırmaları, struktur-semantik yanaşmaları, dilin fəlsəfi mahiyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq elmi dairələrdə diqqət çəkən konseptual yanaşmadır. Nizami Cəfərovun fikrincə, Kamal Abdullanın dilçilik sahəsində fəaliyyəti təkcə yeni elmi nəticələr yaratmayıb, həm də Azərbaycan dilçiliyinin nəzəri çərçivəsini genişləndirib, yeni analitik istiqamətlərin yaranmasına səbəb olub. Akademik vurğulayıb ki, dil və mətn münasibətlərinə dair Kamal Abdullanın irəli sürdüyü konseptual nəzəri müddəalar Azərbaycan dilçilik məktəbinin inkişafında mühüm mərhələdir. Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən nəşrləri – “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq və dil-nitq” adlı tədqiqatlar dilin mahiyyətinə yeni baxış gətirib, humanitar elmdə analitik düşüncə modelinin formalaşmasına təkan verib.
Tədbirdə söz alan akademik Kamal Abdulla görüş iştirakçılarına dərin təşəkkürünü bildirib, BDU ilə bağlı xoş xatirələrini bölüşüb. Qeyd edib ki, universitetdə keçirdiyi tələbəlik illəri onun şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayıb, müəllimlərinin elmi dəsti-xətti və pedaqoji nümunəsi yaradıcılıq yolunun təməlini qoyub. “Bakı Dövlət Universiteti mənim üçün təkcə ali təhsil aldığım yer deyil. Bu məkan mənim gəncliyimdir. Bu bina dəyişə bilər, auditoriyaların divarı yenilənə bilər, amma bu məkanın enerjisi əvvəlkidir”, - deyən akademik Kamal Abdulla universitetdə təhsil aldlğı illərin həyatının ən gözəl dövrlərindən biri olduğunu vurğulayıb. Professor Mir Cəlal Paşayev, Musa Adilov, Ağamusa Axundov və daha neçə-neçə görkəmli alimlərin onlara keçdiyi dərslərdən danışan yubilyar bildirib ki, o dərslər sadəcə bilik deyil, hər bir gəncin ruhuna dərin iz salan tərbiyə, düşüncə və dəyərlər idi. Biz buradan təkcə bilik yox, bir ömür boyu daşıdığımız duyğular aparmışıq.
Görüş zamanı Xalq yazıçısı Kamal Abdullanın Vətən anlayışı haqqında səsləndirdiyi fikirlər də xüsusi maraq yaratdı: “Biz orta məktəbdə Azərbaycan haqqında çoxlu şeirlər, hekayələr oxumuş, mahnılar dinləmişdik, amma Azərbaycan adlı məkanı heç vaxt hiss etməmişdik. Biz Vətəni anlayışını ilk dəfə universitetdə anladıq, hiss etdik və başa düşdük. Çünki biz hərəsi bir bölgədən olan 75 nəfərlik bir patokun içində idik. Biz bu gənclərin simasında Vətən anlayışını dərk etdik, hiss etdik və Vətəni, həqiqətən, böyük məhəbbətlə sevməyə başladıq. Vətən hissinin kökü, qaynağı haradan gəlir?! Vətən eyni dildə danışan, eyni məfkurə ilə düşünən, eyni istiqamətə baxan insanların bir-birinin yanında olmasıdır”.
Daha sonra Kamal Abdulla bədii yaradıcılığa olan sevgisinin orta məktəb müəllimi, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədovdan qaynaqlanmasından, Moskvada aspiranturada təhsil aldığı illərdən, bədii yaradıcılığa doğru gedən uzun və şərəfli yoldan geniş söhbət açdı. Bakı Dövlət Universitetini ölkənin ən mühüm elmi mərkəzlərindən biri kimi yüksək qiymətləndirən Kamal Abdulla tədbir iştirakçılarına bir daha dərin təşəkkürünü bildirərək, yeni nəşr olunmuş kitablarını universitet kitabxanasına hədiyyə etdi.
Tədbirin bədii hissəsində BDU tələbələri yubilyarın əsərlərindən parçalar səsləndirdilər, şeirlərinə bəstələnmiş mahnılar ifa etdilər... ustadın qələmindən çıxmış hər misra, hər söz yenidən canlandı: söz musiqiyə qarışdı, musiqi nostaljiyə...
Tələbələrin yubilyara ünvanladıqları suallar isə görüşün ən maraqlı, yaddaqalan məqamlarından biri oldu: suallar səmimi, cavablar maraqlı və düşündürücü idi. Arada yaranan dialoqlar isə sanki iki fərqli zamanı görüşdürürdü: bir tərəfdə təcrübənin müdrikliyi, o biri yanda gəncliyin axtarışlarla dolu enerjisi...
Görüşün sonunda yubilyara xatirə hədiyyəsi təqdim olundu. Bu hədiyyə təkcə yubiley simvolu deyildi, həm də uzun illər Azərbaycan ədəbiyyatı və elminə verilən möhtəşəm töhfələrə dərin ehtiramın ifadəsi, səmimi təşəkkür idi.
...Beləliklə, BDU-da “Ustaddan öyrən” layihəsi üzrə keçirilən budəfəki görüş bir yubiley tədbirindən daha çox, 75 illik şərəfli ömür yolunun təntənəsinə çevrildi. Bu tədbir təkcə yubiley xarakteri daşımadı, eyni zamanda, müasir Azərbaycan filoloji elminin və ədəbi düşüncəsinin konturlarını müəyyənləşdirən görkəmli şəxsiyyətin çoxşaxəli yaradıcılığına yenidən nəzər salmaq imkanı yaratdı. Xalq yazıçısı, akademik Kamal Abdullanın zəngin elmi və ədəbi irsinin Azərbaycan mədəni düşüncəsi xəzinəsində öz yerini möhkəm tutduğunu bir daha sübit etdi.

