Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və fransız dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə ABŞ-ın milli bayramı olan “Şükran günü”nə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” bildirir ki, 27 noyabr 2025-ci il tarixində kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Məmmədzadə və 310 A/B qruplarının tələbələri bayramı qeyd ediblər. Tədbir çərçivəsində kafedranın giriş hissəsində Şükran gününə xas atributlarla və payız nemətləri ilə bəzədilmiş süfrə, həmçinin bayramın tarixini əks etdirən şəkillərdən ibarət guşə nümayiş olunub.
Linqvokulturologiya kafedrasının müdiri, filologiya üzrə elmlər namizədi, dosent Vüsalə Ağabəyli çıxışı zamanı bayramın mahiyyəti və təşkil edilməsindəki məqsədlər barədə məlumat verib. O bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd universitet tələbələrinə Amerika mədəniyyəti haqqında məlumat vermək və bu xalqın adət-ənənələrini əyani şəkildə tanıtmaqdır.
Qeyd edilib ki, Linqvokulturologiya kafedrasının müəllimləri tərəfindən III kurs tələbələrinə Ölkəşünaslıq fənni tədris olunur. Fənnin əsas məqsədi tələbələrin dilini öyrəndikləri ölkələr – Böyük Britaniya və Amerika haqqında tarixi və mədəni biliklərini genişləndirmək, onların dünyagörüşünü zənginləşdirməkdir.

