Orta ümumtəhsil müəssisələrini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçərək buraxılış imtahanı formatında keçirilən qəbul imtahanında iştirak etməli və riyaziyyat fənni üzrə minimum 40 bal toplamalıdırlar.
“Tehsil365” xəbər verir ki, ADA Universitetinə SAT nəticələri ilə qəbul olmaq istəyən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən “məqbul” qiymət almalıdırlar. Tam orta təhsilini Azərbaycan bölməsində başa vuran abituriyentlərin isə buraxılış imtahanında (qəbul imtahanının I mərhələsində) Azərbaycan dili fənnindən ən azı 50 bal toplaması tələb olunur. ADA Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT nəticələri əsasında qəbul həyata keçirilmir.
Universitetin digər ixtisaslarına SAT-la qəbul üçün abituriyentlərdən minimum 1200 bal toplamaq, həmçinin ingilis dili üzrə IELTS Academic (min. 6.0), TOEFL iBT (min. 75) və ya Duolingo English Test (min. 105) nəticəsi təqdim etmək tələb olunur. Bu tələblər Azərbaycandan kənarda yerləşən ingilisdilli məktəblərin məzunlarına və ADA Universitetinin ingilis dili kurslarını uğurla bitirənlərə şamil edilmir.
Qeyd edək ki, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, İnformasiya texnologiyaları, Riyaziyyat, Biznesin idarə edilməsi, İqtisadiyyat və Maliyyə ixtisaslarına qəbul üçün SAT imtahanının Riyaziyyat bölməsi üzrə minimum 600 bal tələb olunur.

